Şimali Makedoniyanın Struqa şəhərində təşkil olunan şahmat üzrə klublararası Avropa Kuboku turnirində 6-cı turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu tur çərçivəsində Serbiyanın "Sloven Ruma" kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4,5:1,5
Şəhriyar Məmmədyarovun heyətində yer aldığı Şimali Makedoniyanın "Alkaloid" klubu Çexiya "Novı Bor"u ilə "sülh bağlayıb". Birinci lövhədə oynayan 36 yaşlı qrossmeysterimiz hindistanlı Pentala Harikrişna ilə 30-cu gedişdə heç-heçəyə razılaşıb.
Nicat Abbasovlu "Silla" (İspaniya) isə Rusiyanın "Mednıy Vsadnik" klubuna 2,5:3,5 hesabı ilə uduzub. 26 yaşlı zəka sahibimiz üçüncü lövhədə yerli şahmatçı Vladimir Fedosevlə xalı bölüb.
Beləliklə, xallarını 9-a çatdıran "Vüqar Həşimov" iki pillə irəliləyərək, 38 kollektiv arasında 6-cı sırada qərarlaşıb. Eyni sayda xal toplayan "Alkaloid" və "Silla" müvafiq olaraq dördüncü və beşinci yerdədirlər. Sıralamaya 11 xalla Rusiyanın "Mednıy Vsadnik" klubu başçılıq edir.
Xatırladaq ki, ilk iki turda müvafiq olaraq İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz sonrakı görüşündə İsrailin "Beer Şeva" klubuna uduzub. Dördüncü turda "Silla" ilə "sülh bağlayan" kollektivimiz ardınca Fransa "Asnieres"ini böyükhesablı məğlubiyyətə uğradıb.
Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Ülvi Sadıqov, Əhməd Əhmədzadə və Murad İbrahimli yer alıb. Kapitan Anar Allahverdiyevdir.
Qeyd edək ki, Avropa Kubokuna sabah - sentyabrın 24-də yekun vurulacaq.
Klublararası Avropa Kuboku
VI tur
"Sloven Ruma" (Serbiya) - "Vüqar Həşimov" (Azərbaycan) 1,5:4,5
Aleksandr İndjiç - Rauf Məmmədov 0:1
İvan İvanişeviç - Kiril Şevçenko 0,5:0,5
İqor Miladinoviç - Vüqar Əsədli 0:1
Miloş Perunoviç - Aydın Süleymanlı 0,5:0,5
Miroslav Miljkoviç - Ülvi Sadıqov 0,5:0,5
Miloş Stankoviç - Əhməd Əhmədzadə 0:1