Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatında bu gün III turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın 15 təmsilçisinin tur çərçivəsində qarşılaşacağı rəqiblərin adına aydınlıq gəlib.
İki turdan sonra maksimum göstəriciyə sahib şahmatçılarımızdan Aydın Süleymanlı qara fiqurlarla danimarkalı Yonas Byerreyə qarşı oynayacaq. Misrətdin İsgəndərov "ağlar"la erməni Qabriel Sarkisyanı sınağa çəkəcək. Məhəmməd Muradlı ağ fiqurlarla serbiyalı İvan İvanişeviçin, Eltac Səfərli "qaralar"la onun həmyerlisi Luka Budisavlyeviçin müqavimətini qırmağa çalışacaq. Abdulla Qədimbəyli isə macar Qerqeli Kantorla üz-üzə gələcək.
İki matçdan 1,5 xal hasil edən yarışdakı ən reytinqli şahmatçımız Qədir Hüseynov ağ fiqurlarla FIDE bayrağı altında yarışan Arseni Nesterovla münasibətləri aydınlaşdıracaq. Digər reytinq liderlərimizdən Nicat Abasov Mamikon Qaribyanla (Ermənistan), Vasif Durarbəyli Emil Mirzoevlə (Ukrayna) görüşəcək. 1,5 xala malik hər iki qrossmeysterimiz ağ fiqurlarla oynayacaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:15-də start götürəcək.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
III tur
Misrətdin İsgəndərov - Qabriel Sarkisyan (Ermənistan)
Yonas Byerre (Danimarka) - Aydın Süleymanlı
Məhəmməd Muradlı - İvan İvanişeviç (Serbiya)
Luka Budisavlyeviç (Serbiya) - Eltac Səfərli
Qerqeli Kantor (Macarıstan) - Abdulla Qədimbəyli
Qədir Hüseynov - Arseni Nesterov (FIDE)
Nicat Abasov - Mamikon Qaribyan (Ermənistan)
Vasif Durarbəyli - Emil Mirzoev (Ukrayna)
Yatsek Şved (Polşa) - Vüqar Əsədli
Gövhər Beydullayeva - Nderim Saraçi (Kosovo)
Əhməd Əhmədzadə - Dorian Dalaud (Fransa)
Ori Koçavi (İsrail) - Murad İbrahimli
Şahin Vəliyev - Zan Tomazini (Sloveniya)
Riad Səmədov - Vladislav Qarski (Ukrayna)
Toğrul Həsənzadə - Erik Blomqvist (İsveç)