Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin 1/4 finalında çinli Dinq Lirenlə üz-üzə gəlib. İlk 2 partiyada məğlub olan Məmmədyarov 3-cü dueldən qalib ayrılıb. 4-cü qarşılaşmada isə heç-heçə qeydə alındığından, Azərbaycan təmsilçisi yekunda 1,5:2,5 hesabı ilə uduzaraq yarışla vidalaşıb.
Digər 1/4 final cütlərində niderlandlı Aniş Giri norveçli Aryan Tariyə, Karlsen ispaniyalı David Anton Quicarroya qalib gələrək yarımfinala adlayıb. Çinli Vey Yi və hindistanlı Rameşbabu Praqqnanandha arasındakı görüş isə davam edir.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.