Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Sharjah Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün dördüncü turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Misrətdin İsgəndərov qara fiqurlarla hindistanlı Abhijeet Qupta ilə qarşılaşıb. Əvvəlki üç görüşü qələbə ilə başa vuran qrossmeysterimiz bu dəfə dueldən məğlub ayrılıb.
Nicat Abasov Sergey Azarovla, Aydın Süleymanlı polşalı Jolanta Zavadzka ilə "sülh bağlayıb". Məhəmməd Muradlı Rumıniya şahmatçısı Daniel-Boqdan Dyaka, Günay Məmmədzadə ermənistanlı Artur Davtyana uduzub.
Məğlubiyyət M.İsgəndərovu üç pillə geri salıb. 27 yaşlı qrossmeyster 3 xalla beşinci sırada yer alıb. M.Muradlı və N.Abasov 2,5 xalla müvafiq olaraq 14 və 26-cı yerlərdə qərarlaşıblar. A.Süleymanlı 1,5, G.Məmmədzadə 0,5 xal hasil edə bilib. Lider 4 xalı olan Abhijeet Quptadır.
Turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 29-da başa çatacaq.