Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, Rəcəbov II turda ağ fiqurlarla norveçli Aryan Tari ilə üz-üzə gəlib. Qarşılaşmanın klassik partiyası heç-heçə yekunlaşıb. Belədə reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Burada Rəcəbov 42-ci gedişdə rəqibinə qalib gəlib.
Məmmədyarov isə fransalı Maksim Vaşye-Laqravla görüşüb. Bu qarşılaşmanın da taleyinə "armageddon"da aydınlıq gəlib. Rəqib 52-ci gedişdə təmsilçimizi üstələyib.
Şəhriyar ilk turda Tarini "armageddon"da yenib, Teymur isə ABŞ təmsilçisi Uesli Soya əsas partiyada uduzub.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
II tur
Maksim Vaşye Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5, 1:0
Teymur Rəcəbov (Azərbaycan) - Aryan Tari (Norveç) 0,5:0,5, 1:0
Uesli So (ABŞ) - Maqnus Karlsen (Norveç) 0,5:0,5, 1:0
Van Hao (Çin) - Aniş Giri (Niderland)
Veselin Topalov (Bolqarıstan) - Vişvanatan Anand (Hindistan)