Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, Rəcəbov IV turda ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Məmmədyarov isə "qaralar"la çinli Van Haoya qarşı oynayacaq.
Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hazırda Şəhriyar 4 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 1,5 xalı olan Teymur sonuncu -onuncu yerdədir. Sıralamaya 7,5 xalla Vişvanatan Anand (Hindistan) başçılıq edir.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
IV tur
Van Hao (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa)
Veselin Topalov (Bolqarıstan) - Aryan Tari (Norveç)
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Niderland)
Uesli So (ABŞ) - Vişvanatan Anand (Hindistan)