Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster VIII turda qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə üz-üzə gələcək.
Teymur I, III, lV, V, VI turlarda, müvafiq olaraq, Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda, çinli Dinq Liren və macar Rixard Rapport ilə "sülh"ə razılaşıb, II və VII turlarda isə ABŞ təmsilçiləri Hikaru Nakamura və Fabiano Karuanaya uduzub. Təcrübəli şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 5,5 xala sahib Yan Nepomnyaşidir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
VIII tur
Alireza Firuzca (Fransa) - Teymur Rəcəbov (Azərbaycan)
Yan Nepomnyaşi (FIDE) - Dinq Liren (Çin)
Rixard Rapport (Macarıstan) - Yan-Kşiştof Duda (Polşa)
Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (ABŞ)
Xal durumu: Nepomnyaşi - 5,5, Karuana - 5, Nakamura - 3,5, Rapport, Liren, Duda - 3, Rəcəbov, Firuzca - 2,5