Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIII turda ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gəlib. Rəcəbov ilk dövrədə məğlub olduğu rəqibi ilə bu dəfə heç-heçəyə razılaşıb. "Sülh" matçın 31-ci gedişində qeydə alınıb.
Bu, təmsilçimizin yarışda 9-cu heç-heçəsi olub. İki görüşdə qələbə qazanan Teymur eyni sayda məğlubiyyətə üzülüb.
Beləliklə, xalını 6,5-ə çatdıran təcrübəli şahmatçımız hələlik turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Sıralamaya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
XIII tur
Teymur Rəcəbov (Azərbaycan) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) - Rixard Rapport (Macarıstan)
Hikaru Nakamura (ABŞ) - Yan-Kşiştof Duda (Polşa)
Alireza Firuzca (Fransa) - Dinq Liren (Çin)