İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün onuncu turun görüşləri keçiriləcək. Səkkiz xalla turnir cədvəlində vahid lider olan Gövhər Beydullayeva bu dəfə ağ fiqurlarla sloveniyalı Zala Urh ilə üz-üzə gələcək. Sona iki tur qalmış ən yaxın izləyicisi Nurgül Səlimovanı (Bolqarıstan) 1 xal qabaqlayan 19 yaşlı şahmatçımız qələbə qazanacağı təqdirdə, çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün Səlimovanın da xal itirməsi lazım olacaq.
Qızların yarışındakı digər təmsilçimiz - 6,5 xalla 6-cı yerdə qərarlaşan Ləman Hacıyeva ağ fiqurlarla polşalı Liviya Yaroçka ilə münasibətləri aydınlaşdıracaq.
Oğlanların sıralamasında 7 xalla ikinci olan Abdulla Qədimbəyli 0,5 xal geri qaldığı lider Adam Kozakın (Macarıstan) müqavimətini qırmağa çalışacaq. Bir xal az az toplayan və 19-cu pillədə yer alan Məhəmməd Muradlı isə israilli Yair Parxovu sınağa çəkəcək. Qədimbəyli qara, Muradlı ağ fiqurlarla oynayacaq.
Qeyd edək ki, dünya çempionatına sabah - oktyabrın 22-də yekun vurulacaq.