İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün onuncu turun görüşləri keçiriləcək. Qızların yarışında vahid lider olan Gövhər Beydullayeva bu dəfə ağ fiqurlarla sloveniyalı Zala Urh ilə üz-üzə gəlib. Görüş 30-cu gedişdə "sülh"lə yekunlaşıb.
Bu nəticə ilə xalını 8,5-ə yüksəldən Beydullayeva liderliyini davam etdirir. İkinci pillədə ondan bir xal geri qalan Qazaxıstan təmsilçisi Assel Serikbay qərarlaşıb.
Beydullayevaya çempion olmaq üçün son turda heç-heçə də kifayət edəcək.
Qızların yarışındakı digər təmsilçimiz Ləman Hacıyeva ağ fiqurlarla polşalı Liviya Yaroçka ilə heç-heçə edib.
Oğlanların sıralamasında ikinci olan Abdulla Qədimbəyli yarım xal geri qaldığı lider Adam Kozakla (Macarıstan) "sülh bağlayıb". Məhəmməd Muradlı isə israilli Yair Parxovu yenib.
Bu nəticələrdən sonra Qədimbəyli əvvəlki kimi ikinci, Muradlı isə 11-cidir.
Qeyd edək ki, dünya çempionatına sabah - oktyabrın 22-də yekun vurulacaq.