İtaliyanın Sardiniya adasında keçirilmiş 20 yaşadək qızlar arasında dünya çempionatının qalibi Gövhər Beydullayevanın Fanat.Az-a müsahibəsi
- Azərbaycan tarixində gənclər arasında dünya çempionatında qızıl medal qazanan ilk xanım şahmatçı oldunuz. Təssüratlarınızı öyrənək.
- Dünya çempionatı çox gərgin mübarizə şəraitində keçdi. İlk turlardan liderlər qrupundaydım. Doqquzuncu turda erməni rəqibim üzərində qələbə qazandıqdan sonra isə artıq çempion olacağıma inandım.
- Yarış iştirakçılarının reytinqində 4-cü sıradaydınız. Mundialdan öncə qalib olacağınıza inam nə dərəcədə idi?
- Özümə çox inanırdım. Uşaqlıqdan klassik şahmat üzrə dünya çempionu olmağı arzu etmişəm. Hər il dünya çempionatlarında iştirak eləsəm də, klassik şahmatda heç vaxt qalib olmamışdım. Keçən il dünya çempionatı onlayn keçirilmişdi, orada birinci olmuşdum. Ancaq klassik şahmatda nəticə qazanmaq tamam başqadır.
- Yarışda yeganə məğlubiyyətiniz son tura təsadüf elədi. Həmin Qazaxıstan şahmatçısı ilə daha öncə qarşılaşsaydınız, vəziyyət necə olardı?
- Daha öncə qarşılaşsaydıq, nəticə fərqli olardı. Onuncu turdan sonra çempionluğu təmin etdiyim üçün görüşə tam konsentrasiya ola bilmədim. Rəqib isə məni udub medal qazanmağa köklənmişdi.
- Dünya çempionatından təxminən bir ay öncə qadınlar arasında Avropa çempionatında 19-cu olmuş və bu nəticəni uğursuz adlandırmışdınız. Səbəb kimi də yorğunluğu əsas gətirmişdiniz. Amma daha sonra da ardıcıl turnirlərə - "Shusha Chess" və Avropa Klublar Kubokuna qatıldınız. Bəs dünya çempionatının hazırlığı əvvəlkilərdən nə ilə fərqləndi?
- Bəli, Avropa çempionatındakı nəticəmi uğurlu saymamışdım. Doğrudur, orada bir neçə güclü şahmatçıya qalib gəlmişdim. Lakin özümdən gözləntim daha yaxşı nəticəydi. Orada özümü çox yorğun hiss edirdim. Ondan sonra qarşıma məqsəd qoydum ki, fiziki hazırlığımı artırmalıyam. Şuşa turnirinə də yaxşı hazırlaşmışdım. Məqsədim ilk "üçlüy"ə düşmək idi. Təəssüf ki, son turlarda məğlub olduğumdan, beşinci yerlə kifayətləndim.
- 2022-ci ildə karyeranızda ilk dəfə qadınlar arasında Azərbaycan çempionu, açıq Avropa çempionatında qadınlar arasında ən yaxşı yerin sahibi oldunuz. Həmçinin Ümumdünya Şahmat Olimpiadasında son turadək medal iddiasını qoruyan millinin heyətində inamlı çıxışla yadda qaldınız və nəhayət, gənclərin dünya çempionu tituluna yiyələndiniz. Sizin üçün olduqca uğurlu görünən ili bir də özünüz xarakterizə edərsiniz.
- İl doğrudan da mənim üçün çox uğurlu oldu. Bu uğurları çox çalışmağıma və özümə inamıma bağlayıram. Əvvəlki illərdə də çox yarışlarda da iştirak eləmişəm. Uğursuz nəticələrim də çox olurdu. Qeyd etdiyim kimi, daha çox çalışmağım və özümə olan inamımla bu ili böyük ölçüdə aktivimə yaza bildim.
- Dünya çempionluğundan sonra adınız hətta ilin idmançısı adına namizədlərdən biri kimi çəkilir. Bu barədə nə düşünürsünüz?
- Bununla bağlı nəsə deyə bilmərəm. Layiq olan kimdisə, o, qazansın.
- Yaxın gələcəkdəki hədəfləriniz nədir?
- Builki hədəflərim sırasında klassik yarışlar yoxdur. Rapid və blits üzrə turnirlərə qatılacağam. İlin sonunda bu növlərdə dünya çempionatı var. Məqsədim orada da uğurlu çıxış etməkdir.
Sahib Əsədbəyli