Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə böyüklər arasında dünya çempionatının bürünc medalçısı Cavad Ağayevin Fanat.Az-a müsahibəsi
- Cavad, artıq xeyli müddətdir ki, adın Azərbaycanda ən perspektivli taekvondoçular arasında ön sırada çəkilir. Bu "bürünc" isə böyüklərdə hələlik ən ciddi nailiyyətindir. Mundialdakı çıxışın barədə təəssüratlarını öyrənək.
- Dünya çempionatından bir müddət öncə Almaniyada qatıldığım turnirdə zədə almışdım. Bu üzdən dünya çempionatına hazırlığım tan istədiyim səviyyədə olmadı. Bununla belə, psixoloji cəhətdən özümü qızıl medala belə, hazır hiss edirdim. İlk iki görüşdə Tailan də Polşa idmançılarını hər iki hissədə yenib, 1/8 finalda son olimpiya çempionu, özbəkistanlı Uluqbek Raşitova rəqib oldum. Biz onunla daha əvvəl Konyadakı İslam Həmrəyliyi Oyunlarının finalında qarşılaşmışdıq. Həmin vaxt hər iki hissədə minimal fərqlə o üstün olmuşdu və mən gümüş medalla kifayətlənmişdim. Amma həmin görüşdə də hiss etmişdim ki, rəqib keçiləsidir. Özümə söz vermişdim ki, gələn döyüşdə mən qalib gələcəyəm. Gözlənilən kimi, çətin döyüş oldu. Bu dəfə bütün gücümü qoyub ona qalib gəldim. Raşitov bir il əvvəlki Olimpiadanın qalibi olduğundan, bu yarışın da əsas favoritiydi. Yarımfinala çıxış döyüşüm isə iordaniyalı idmançı ilə idi. O da son Asiya çempionu idi. Onunla da görüşümüz üç hissə çəkdi və sonda yenə qalib gəlməyi bacardım. Dörd ağır döyüşdən sonra ayağımdakı zədə özünü daha çox büruzə verməyə başladı. Bu səbəbdən cənubi koreyalı taekvondoçu ilə yarımfinal döyüşündə tam bacarığımı ortaya qoya bilmədim. Bununla belə, həmin qarşılaşmanı da qazanmağa çox yaxınıydım. İlk hissədə üstün olmuşdum, ikinci hissədə isə hesab açılmadığından, yekunda hakimlərin qərarına əsasən üstünlük ona verildi. Halbuki həmin vaxt da üç hakimdən biri mənim üstün döyüşdüyümü düşündü. Son hissədə isə rəqib bir xal üstünlüyü ilə qalib gəlib finala yüksəldi və sonradan çempion oldu. Təkrar edirəm, tam istədiyim kimi hazırlıq keçə bilsəydim, əmin idim ki, finala adlaya, hətta çempion da olardım.
- Belə başa düşdük ki, bu "bürünc" qazancdan da çox itirilmiş çempionluq anlamı kəsb edir sənin üçün...
- Tamamilə doğrudur. Yarımfinaladək keçdiyim yoldan da görünür ki, həqiqətən dünya çempionu olacaq gücdəydim. Amma qismət. Bu "bürünc" də böyük nailiyyətdir. Mən gənclərdə dünya çempionu və Olimpiya Oyunlarının bürünc medalçısı olmuşam. Böyüklərin yarışında fərqlənmək tam fərqli hisslər yaradır.
- Artıq növbəti mundialı iki il gözləməyə ehtiyac qalmayacaq. Daha önəmlisi, növbəti analoji yarış Azərbaycan paytaxt Bakıda olacaq. Doğma divarlar üçüncülüyü çempionluğa dəyişmək üçün əla imkandır.
- Onadək bizi Olimpiadaya lisenziya xalı qazandıran turnirlər gözləyir. Bu və digər yarışlar həm də dünya çempionatına hazırlığın tərkib hissəsi olacaq. Əlimdən gələni edəcəyəm ki, Bakıda dünya çempionu olum. Dünya çempionatı Olimpiada ilə bərabər, hətta deyərdim, daha çətin yarışdır. Olimpiadada zirvəyə çatmaq üçün dörd görüş keçməyin lazımdırsa, mundialda beş-altı rəqibi məğlub etməlisən.
- Olimpiada demişkən, taekvondoda Olimpiya Oyunlarında qızıl da daxil olmaqla, üç medalımız var. Lakin bunların hamısı milliləşdirilmiş idmançıların hesabındadır. Son nailiyyətinlə həm də bu yöndə bir ümid verdin.
- Bildiyiniz kimi, bizdə Olimpiadaya lisenziya üçün ya reytinqdə ilk "altılıq"da olmalısan, ya da qitə olimpiya təsnifat turnirində finala yüksəlməlisən. Dünya çempionatınadək 15-ci idim, Meksikadakı üçüncü yer sayəsində "altılığ"a xeyli yaxınlaşmışam. Amma Olimpiadaya hələ çox var. Ona kimi reytinqimi daha da artırmaq haqqında düşünürəm. Lisenziya qazanacağıma və Olimpiadada medal əldə edəcəyimə çox inanıram. Hədəf əvvəlcə Bakıda, daha sonra Parisdə himnimuzi səsləndirməkdir.
- Bir sözlə, düşünürsən ki, sənin üçün keçilməz rəqib yoxdur?
- Bəli. Dünya çempionatındakı çıxışımdan sonra buna əminəm artıq.
- Vaxtilə sənin çəkində hazırda federasiyanın vitse-prezidenti olan Niyaməddin Paşayev çıxış edib. O Paşayev ki, ölkəmizin taekvondoda ilk və hələlik yeganə Azərbaycan əsilli dünya çempionudur. Adətən yarışlar vaxtı sizinlə birgə olur. Hansı tövsiyələri verir?
- Maraqlıdır ki, Niyaməddin müəllim dünya çempionu olanda mən hələ dünyaya gəlməmişdim. Amma biz onun və digər titullu taekvondoçuların adını eşidə-eşidə, onları özümüzə örnək götürərək böyümüşük. Niyaməddin Paşayevin yarışlar vaxtı bizimlə birgə olması əlavə üstünlükdür. Çox yaxşı psixoloji dəstək verir.
- Tokio Olimpiadasında taekvondoçularımız heç nə ilə yadda qalmadı. Daha sonra da uğursuzluqlar bir-birini əvəz elədi. Hətta yığmanın köhnə-yeni çalışdırıcısı Reza Mehmandust millinin ən adlı-sanlı üzvləri olan olimpiya, dünya çempionu Radik İsayev və ikiqat dünya çempionu, olimpiya mükafatçısı Milad Beiqi Hərçəqanini davamlı zəif çıxışlarından dolayı mundial üçün heyətə layiq bilmədi. Bu idmançılar və yığmanın gələcəyi barədə nə düşünürsən?
- Bütün titullu idmançıların bir parlaq dövrü olur. Radiklə Milad da vsxtilə ən böyük uğurları qazanmış idmançılardır. Bundan sonrakı karyeraları barədə bir söz deyə bilmərəm, açığı. Amma gənclərdən ümid verənlər var. Məsələn, 18 yaşlı Səyyad Dadaşovu, Qaşım Maqomedovu, qızlardan Minayə Əkbərovanı qeyd edə bilərəm. Qaşımla Minayə bu dünya çempionatında medalın bir addımlığında qaldılar. İnşallah, növbəti dəfə medal qazanarlar. Mən onlara inanıram.
Sahib Əsədbəyli