Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları paralimpiyaçılarımızın “Tokio-2020” Paralimpiya Oyunlarına hazırlığı, onlar üçün yaradılmış şəraitlə tanış olublar.
Fanat.Az xəbər verir ki, Şika şəhərinə səfər edən səfirliyin əməkdaşları şəhər meriyasının şöbə müdiri Oi Hiedaki və Azərbaycan Milli Paralimpiya Komitəsinin şöbə müdiri Rüfət Hacılı ilə görüşüblər. Onlara idmançılarımızın yerləşdiyi otel, yeməkxana, məşq zalları və hovuzlar barədə ətraflı məlumat verilib.
Səfirliyin birinci katibi Rövşən Cəfərov idmançılarımız üçün yaradılan şəraitə görə Şika şəhərinin rəhbərliyinə minnətdarlığını çatdırıb. O, ümidvar olduğunu bildirib ki, yarışlara hazırlaşmaq üçün yaradılan şərait, Şika şəhərindən olan azarkeşlərin güclü dəstəyi “Tokio-2020” Paralimpiya Oyunlarında idmançılarımızın yüksək nəticələr əldə etməsinə mühüm kömək olacaq. Şika şəhərinin meriyasına Azərbaycanın mədəniyyətini və iqtisadiyyatını əks etdirən müxtəlif hədiyyələr təqdim olunub.
İdmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulanıb.
Əlavə olaraq qeyd edək ki, azərbaycanlı paralimpiyaçıların Tokio Paralimpiya Oyunları çərçivəsində Şika şəhərinin təşkil etdiyi “Host town” proqramına qatılması həm yerli Şika şəhər mətbuatının, həm də nüfuzlu Kyodo informasiya agentliyinin diqqət mərkəzindədir. Yaponiyanın kütləvi-informasiya vasitələri idmançılarımızın yerləşdiyi şərait və məşqlərlə bağlı materiallara geniş yer verirlər.