Türkiyədə baş verən zəlzələ nəticəsində idman yarışlarına fasilə verilib. Qardaş ölkənin klublarında çıxış edən bir çox idmançınız artıq vətənə geri dönüb.
Maraqlıdır, karyeralarını Türkiyədə davam etdirən voleybolçularımızın vəziyyəti necədir?
Bunu dəqiqləşdirmək üçün Azərbaycan Voleybol Federasiyası ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumatda bildirilib: "Türkiyədə çıxış edən voleybolçularımız Azərbaycana geri dönməyəcək. Çünki orada hər klubun öz qaydası var. Mövsüm ərzində idmançılar klubun tapşırıqlarını yerinə yetirməlidirlər. Sonuncu dəfə əlaqə saxlayanda Polina Duman ("Kuzeyboru") İzmirə, Olena Xarçenko isə ("Çukurova Adana BLD. Demirspor") İstanbula getdiyini bildirmişdilər. Hazırda zəlzələ bölgəsində deyillər".
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Bundan başqa saat 4:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 4:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı təkanlar baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.
Nəticədə ölənlərin sayı 31 643 nəfərə çatıb, 80 278 nəfər isə yaralanıb.
Röya