UEFA Avropa Liqasının ilk yarımfinal oyununda "Roma"nı səfərdə 2:0 hesabı ilə üstələyən "Bayer"in baş məşqçisi Xabi Alonso komandasının çıxışını şərh edib.
Fanat.Az Leverkuzen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis qələbə qazandıqları görüş barədə bunları deyib:
"Ciddi və ehtiyatlı matç sərgilədik. Biz ağıllı və təmkinli idik. "Roma"nın da şansları var idi. Topa sahib olmaqda liderlik bizə inam verdi. Öndə sürətli oyun sərgiləyə bildik.
İkinci hissədə heç nəyi əldən vermədik - bilirdik ki, ehtiyatlı olsaq, şanslarımız olacaq. Komanda düzgün kompromis tapdı.
2:0 yaxşı nəticədir. Evə xoşbəxt qayıdırıq. Bu mövsüm gördüyümüz işlər əladır. Çox yüksək konsentrasiyaya malik keyfiyyətli oyunçularımız var. Ən çətini sabitliyi qorumaqdır. Dayanmaq istəmirik - mövsümün sonuna qədər belə davam etmək istəyirik”.
Qeyd edək ki, "Bayer" 47 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Alonsonun komandası ilə "Roma" arasında cavab matçı mayın 9-da keçiriləcək.
Mirağa