Azərbaycan müstəqillik qazandıqdan sonra klublarımızın iştirak etdiyi ilk beynəlxalq turnir "Birlik Kuboku" olub.
İlk çempion "Neftçi"nin bu turnirdə çıxışı uğursuz alınmışdı. Komandamız Moskva "Spartak"ına 0:7 və "Skonto"ya (Riqa) 0:2 hesabı ilə məğlub olaraq biabırçı nəticə ilə yadda qalmışdı. Ölkəmizi sayca ikinci dəfə keçirilən bu turnirdə ilk çempionluğu Ağdamın işğalı ilə demək olar ki, üst-üstə düşən "Qarabağ" təmsil etmişdi. Nəticə "Neftçi" ilə müqayisədə heç də pis olmamışdı. Tacikistan çempionu "Sitora"nı 4:0, Litvanın "Romar" komandasını isə 2:1 hesabı ilə məğlub edən ağdamlılar qrupda 1-ci yer uğrunda "Dinamo"ya (Tiflis) 0:3 hesabı ilə uduzaraq növbəti mərhələyə çıxa bilməmişdilər. Buna baxmayaraq, "Qarabağ"ın beynəlxalq miqyasdakı ilk çıxışını qənaətbəxş hesab etmək olardı.
"Qarabağ" Moskva səfəri ərəfəsində heyətini digər klublarımızda çıxış edən futbolçularla gücləndirmişdi. Baş məşqçi Ağasəlim Mircavadov "Turan"dan "Maradona" ləqəbli İlham Məmmədovu, "Xəzər"dən (Sumqayıt) Azad Mütəllimovu, "Neftçi"dən Rasim Abışovu komandaya dəvət etmişdi. Ki, zəif nəticə olmasın. Ortada "Qarabağ"ın, Ağdamın, Azərbaycanın adı var idi.
Eyni addımı 1 il sonra UEFA Kubokunda "siftə" edən "Turan" da atmışdı. 1993/94-cü illər mövsümünün qızıl medallarını qazanmış "Turan" "Fənərbaxça" ilə oyunun iştirak ərizəsinə "Neftçi"nin qapıçısı Elxan Həsənovun və "Qarabağ"ın müdafiəçisi Elşad Əhmədovun adını salmışdı. Yenə də məqsəd eyni idi. Ümumiyyətlə, 90-cı illərdə qitəmiqyaslı və beynəlxalq turnirlərdə iştirak edən təmsilçilərimizin heyətlərini digər komandalarımızda oynayan futbolçularla gücləndirməsi ənənə halını almışdı. Artıq, o vaxtdan illər keçib. Zəmanə dəyişib, futbol daha da inkişaf edib, yanaşma da fərqlidi.
Bir qədər geniş girişdən sonra mövzunun məğzinə keçək. Bu il Azərbaycanı avrokuboklarda 4 komandamız təmsil edirdi. Onlardan ikisi elə ilk mərhələdəcə mübarizəni dayandırdı. Məlumdur ki, söhbət "Sumqayıt" və "Keşlə"dən gedir. Hansılar ki, bir qədər peşəkarlıq nümayiş etdirsəydilər, zəif rəqiblər qarşısında aciz qalmazdılar. Özü də qismətdən bütün komandalarımız pandemiyaya görə tətbiq olunan 1 oyunluq sistemdə rəqibi evdə qəbul edirdilər.
"Sumqayıt"dan başlayaq. Müstəqillik dövründə Sumqayıt həmişə güclü təmsilçiləri ilə çempionatımıza rəng qatıb. İlk milli çempionatımızda gümüş medalları qazanan "Xəzər"i yada salmaq bəs edir. Sadəcə, ya bəxtsizlikdən, ya da maliyyə problemləri üzündən Sumqayıt komandaları heç vaxt ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil etməyiblər. Sumqayıtlı azarkeşlər 28 il sonra arzularına çatdılar. Komandalarının deyil, pandemiyanın sayəsində. Başa çatdırılmayan çempionatda 4-cü yerdə qərarlaşan "Sumqayıt" avtomatik Avropa Liqasında iştirak etmək hüququ qazandı. Gözləmək olardı ki, klub rəhbərliyi turnir öncəsi heyəti gücləndirəcək, növbəti mərhələyə keçmək barədə düşünəcək. Təəssüf ki, əksini gördük. Aparıcı futbolçular, o cümlədən Peyman Babayi, Aleksey İsayev, Mehdi Şərifi, Şəhriyar Əliyev komandanı tərk etdilər. Hamısı da demək olar ki, maliyyə məsələlərinə görə. Gələnlər isə... Sponsor "Azərkimya" komandaya bir qədər qayğı ilə yanaşsaydı, büdcəni bir qədər artırsaydı, normal transferlər edilsəydi, indi fərqli mənzərənin şahidi olardıq. Belə münasibətə təkcə kluba yox, Sumqayıtın adına, azarkeşlərə və Azərbaycan futboluna qarşı hörmətsizlikdən başqa nə ad verəsən?
Oxşar vəziyyət "Keşlə" ilə bağlıdı. Son mövsüm dayandırıldıqdan sonra komandanı xeyli futbolçu tərk etdi. Amma "Sumqayıt"dan fərqli, onların əvəzinə bir o qədər də yeniləri gətirildi. Təəssüf doğuran məqam püşkatmadan az əvvəl kollektivi yığan, komandaya və nəticəyə cavabdeh olan Tərlan Əhmədovun istefaya göndərilməsi oldu ki, bu da "Laçi" ilə oyunda öz sözünü dedi. "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynovun işi və bacarığı müzakirə mövzusu deyil. Amma vacib oyun öncəsi, özü də təlim-məşq toplanışından sonra baş məşqçinin müqavilə müddətinin bitməsi bəhanəsi ilə göndərilməsi qeyri-peşəkarlıqdan başqa bir şey deyildi.
Mövcud vəziyyətlə əlaqədar yüksəködənişli legionerlərlə yollarını ayıran klub onların əvəzinə nisbətən az məvacibə qane olan futbolçular gətirməyə məcbur oldu. Hər halda, "Neftçi"nin Şimali Makedoniyanın 5-cisi "Şkupi"ni rahatlıqla keçəcəyi gözlənilirdi. Düzdür, "Neftçi" bunu bacardı. Amma əsəb bahasına. "Şkupi" ilə oyunun birinci hissəsində sərgilənən futbol "flaqman" adına biabırçılıq idi. "Neftçi"nin bəxti gətirdi! Fasilədən sonra isə komanda özünə gəlməyə başladı. Artıq, ilk mərhələ geridə qalıb. İkinci mərhələdə rəqib sıradan komanda deyil. Türkiyənin ən titullu klubu "Qalatasaray"dı! Əcəba, "Neftçi" "Qalatasaray" səddini keçməyə qadirdimi?
Mərhələnin taleyinin 1 oyunla həll olunması və bu matçın Bakıda keçirilməsi "Neftçi"nin üstünlüyüdü. Təəssüf ki, qarşılaşma pandemiya səbəbindən azarkeşsiz keçiriləcək. Kaş ki... "Neftçi"nin lehinə olan digər məqam rəqibin hazırda bərbad durumda olması ilə bağlıdı. Bu, 2000-ci ildə UEFA Kubokunu qazanan "Qalatasaray" deyil. Ad və baş məşqçidən başqa hər şey dəyişib. Bu gün "Qalatasaray" çətin günlərini yaşayır. Komanda son 10 rəsmi oyunda cəmi 1 qələbə qazanıb. Qalan 9 oyunun 4-də məğlub olub. Son mövsümü adına layiq olmayan 6-cı pillədə tamamlayan "Cim-Bom" Türkiyə Kubokunda "Alanyaspor"a məğlub olmaqla mövsümü əliboş başa vurub. Komandanın oyun sistemində də ciddi problemlər var. Bir vaxtlar baxımlı futbol sərgiləyən komanda indi sanki "kənd futbolu" oynayır. Sonuncu mövsümlə müqayisədə heyətdə ciddi itkilər var. Uzun müddətə sıradan çıxan qapıçı Fernando Musleraya layiqli əvəzləyici tapılmayıb. Bu azmış kimi komandanın əsas futbolçularından Stefan Nzonzi, Mario Lemina, Seri, Anri Onyekuru, Mitroqlou, Florin Andone, Yuto Naqamoto və digərləri düşərgəni tərk ediblər. Yeni transferlər isə gedənlərlə müqayisədə xeyli zəif təsir bağışlayır. Ən gözəgəlimli transfer Marselo Saraccidi. Son klubu "Leypsiq" olan uruqvaylı müdafiəçi eyni zamanda, komandanın ən bahalı futbolçusu hesab edilir. Transfermarkt saytı bu futbolçunu 8 milyon avro dəyərləndirir. Yeri gəlmişkən, saytın versiyasına görə, "Neftçi"nin ən dəyərlisi kapitan Emin Mahmudovdu - 900 min avro. Maraq üçün daha bir statistik rəqəm - "Qalatasaray"ın futbolçularının ümumi dəyəri 69 milyon avrodan çoxdur. "Neftçi"də isə bu rəqəm cəmi 7,6 milyon avrodur. Saraccidən savayı, yeni futbolçulardan Arda Turanın "Qalatasaray"a dönməsini qeyd etmək lazımdı. Bu futbolçulardan başqa, heyətdə Rayan Donk, Rayan Babel, Sofian Fequli, Falkao kimi ulduzlar var. Amma etiraf edək ki, "Qalatasaray" əvvəlki gücdə deyil. Çətin dönəmini yaşayan "yaralı aslan"ı məğlub etmək mümkünsüz deyil. İstək və bir az bəxt yetər!
Yeri gəlmişkən, "Neftçi" - "Qalatasaray" cütünün qalibi Avroliqanın 3-cü təsnifat mərhələsində "Renova" (Şimali Makedoniya)/"Hayduk" (Xorvatiya) cütünün qalibi ilə görüşəcək. Bu mərhələ də 1 oyundan ibarətdi. "Neftçi" "Qalatasaray" səddini aşsa, "evdə qalacaq”, yəni növbəti rəqiblə də "Bakcell Arena”da oynayacaq.
O ki qaldı "Qarabağ"a, Şimali Makedoniyanın vitse-çempionu "Sileks"i 4:0, ardınca Moldova çempionu "Şerif"i 2:1 məğlub edən Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 2 addımlığındadı. Budəfəki rəqib Avropanın ortabablarından hesab olunan "Molde"di. İsveçin ən titullu klublarından olan "Molde" təmsilçimizin "dişinə görədi". Üstəlik, oyunun Bakıda keçirilməsi də (yenə evdə - red.) komandamız üçün əlavə üstünlükdü. Bu arada bir məqama toxunmaq yerinə düşər. Püşkatmadan sonra Norveç çempionu oyunun neytral meydanda keçirilməsi ilə bağlı "Qarabağ"a müraciət ünvanladı. Məsələ burasındadı ki, Bakıdan qayıtdıqdan sonra "Molde" üzvləri Norveç qanunlarına görə 10 gün karantində qalmalıdılar. Təbii ki, "Qarabağ" rəhbərliyi bu təklifi rədd etdi. Belədə "Molde" UEFA-ya müraciət ünvanladı. Hələki bu nüraciətə cavab verilməyib. "Molde" sadəcə, cığallıqla məşğuldu. "Qarabağ" və UEFA-dan əvvəl Norveç hökumətinə ağız açsaydılar, olmazdı?
Bu mərhələni keçməklə "Qarabağ" həm pley-off-a vəsiqə qazanacaq, həm də ən pis halda Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. Dünən İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atıldı. "Molde" səddini keçəcəyi təqdirdə "Qarabağ" "Dinamo" (Zaqreb, Xorvatiya)/"Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə evdə və səfərdə qarşılaşacaq. Bu isə o deməkdir ki, rəqiblər münasibdi, Çempionlar Liqasının qrupu elə də əlçatmaz deyil. Sadəcə, heyəti bir qədər gücləndirmək yetər. Amma bu dəfə 28 il əvvəlki kimi yerli futbolçuların hesabına deyil, komandaya səviyyəli legionerlər cəlb etməklə. Bunu isə "Qarabağ" hamıdan yaxşı bilir, yaxşı bacarır.
İlqar TAĞIYEV