Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun hücumçusu Renat Dadaşov "transfermarkt.ch" saytına müsahibə verib.
Fanat.Az-ın məlumatına görə, 23 yaşlı forvard Almaniyanın "Ayntraxt" (Frankfurt) klubundan göndərilməsindən danışıb:
"Səhvlərim çox oldu. Bunu danmıram. Mənə inanan insanları məyus etdim. Azarkeşlərin təzyiqini anlayışla qarşılayıram. Ancaq ifrata varmaq da lzımsızdır. Təəssüf ki, "Ayntraxt"da özümə qarşı aşkar düşmənçilik gördüm. Mənim üçün qovulmaq həyəcan siqnalı sayıldı. Klubdan kənarlaşdırılmağım daha yaxşı idmançı və insan olmaq baxımından işə yaradı. Bu, həm də yeni başlanğıc demək idi. Hər şeyə yenidən başlamalı olduğumu anladım. Bilirdim ki, bunu etməsəm, karyeram çox uzun çəkməyəcək".
Renat 2018-ci ildə Portuqaliya təmsilçisi "Eştoril"ə keçidini də yada salıb: "Almaniyadan uzaqlaşmaq istəyirdim. Yaşananları unutmaq, beynimi təmizləmək üçün mühiti dəyişmək ən doğru seçim idi. Hə, Portuqaliyada da ruhdan düşdüyüm, inamımı itirdiyim günlər olub. Ancaq beynimdə baş verənləri götür-qoy edərəkən məqsədim üçün mübarizəni davam etdirəcəyimi hər zaman anlayıram".
Qeyd edək ki, Dadaşov 2013-2017-ci illərdə "Ayntraxt"ın aşağı yaş qrupları üzrə komandalarında olub. O, 2017/2018 mövsümündə əsas komandaya cəlb olunsa da, 2018-ci ilin yanvarında intizamsızlıq üzündən qovulub.
Nihat