"Qəbələ” qış transfer dönəmində cəmi bir transfer reallaşdırıb. Bölgə klubu dünən Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşın keçidini elan edib. Hərçənd, "qırmızı-qaralar"dan ümumiyyətlə transfer gözlənilmirdi. "Qəbələ"nin baş meneceri Nail Kərimov saytımıza bu barədə konkret danışmışdı: "Qış fasiləsində transfer etmədik və bu mövzu bizim üçün qapanıb".
Bəs Əyyub Allaşın transferi necə reallaşıb? Klub onun keçidini həll etmək üçün maliyyəni hardan və necə tapıb?
Nail Kərimov Fanat.Az-a verdiyi budəfəki açıqlamada Allaşın keçidinin təfərrüatlarına aydınlıq gətirib: "Transfer planımızda oyunçu almaq niyə yox idi? Çünki büdcəyə əsasən hərəkət edirdik. Ancaq gedişatda sponsorlardan əlavə dəstək gəldi. Açığı, Allaşın bu mövsüm üçün alacağı məvacib o qədər də yüksək deyil. Konfidensial olduğu üçün keçidin maliyyə tərəfini açıqlaya bilmirik, amma dediyim kimi, söhbət simvolik məbləğdən gedir. Onun alacağı pulu kənar sponsorların ayırdığı maliyyə ilə ödəyəcəyik. Çünki büdcəmizdə transfer üçün vəsait yox idi. Yoxsa elə bu transferi vaxtında reallaşdırar, oyunçunu toplanışa cəlb edər, heyətlə birgə məşqlərdə iştirakına və komandaya uyğunlaşmasına şərait yaradardıq.
Əslində, Əyyub Allaşı çoxdan gözaltı etmişdik. Baş məşqçi onun oyununu görüb, uzun müddət izləyib və bəyənib. Qismət indiyə imiş. Sevinirik ki, artıq növbəti mövsüm üçün müqaviləli futbolçumuz var".
"Qəbələ" rəsmisi Əyyub Allaşın keçidi ilə kifayətlənəcəklərini və artıq transfer etməyəcəklərini vurğulayıb.
Mirağa