Son turda "Kəpəz"ə məğlubiyyət "Səbail" rəhbərliyinin səbr kasasını daşırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iki gün əvvəl, konkret, bazar ertəsi klubdaxili toplantı olub.
Rəhbərlik məşqçilər heyətini və futbolçuları bazada bir araya gətirərək komandanın nəticələrini müzakirə edib, hesabat istəyib. Komandaya son xəbərdarlıq edilib. Baş məşqçi Şahin Diniyevə 4 oyunluq möhlət verilib. "Sabah", "Zirə", "Neftçi" və "Qəbələ" ilə görüşlərin nəticələrinə əsasən, komanda sonuncu pillədən qurtula bilməsə, mövsümün sonunu gözləmədən baş məşqçi istefaya göndəriləcək. Komandanın qarşısına həmçinin, kubokun finalına adlamaq tapşırığı qoyulub.
Əldə etdiyimiz məlumata görə, "Səbail" rəhbərliyinin özünü isə AFFA-da danlayıblar. Belə ki, aprelin 3-də federasiyaya dəvət olunan klub funksionerlərindən tezliklə çıxış yolu tapmağı tələb ediblər. AFFA-nın baş katibi Sərxan Hacıyevin çempionatı bir komandanın tərk edəcəyi ilə bağlı açıqlamasını nəzərə alsaq, görünən odur ki, qurum həmin Premyer Liqa təmsilçisinin "Səbail" olmasını, bir sözlə, "gəmiçilər"in elitadan düşməsini istəmir.
Qeyd edək ki, qış fasiləsinə 10 xalla 10-cu pillədə yollanan "Səbail" Diniyevin təyinatından sonra da sonuncu yerdən xilas ola bilməyib. Onun rəhbərliyi altında komanda 10 matçda 8 xal toplayıb.
Nihat