Xorvatiya çempionu "Dinamo Zaqreb" diqqətini Çempionlar Liqasına və ölkə superkubokunun hazırlığına yönəldib.
Fanat.Az xəbər verir ki, paytaxt klubu artıq heyətini də formalaşdırmağa başlayıb.
Fransanın ikinci divizionu "Paris"dən gələn 24 yaşlı müdafiəçi Maksim Bernoyer artıq ilk yeni sima kimi təqdim olunub. Onunla yanaşı, komandaya ötən mövsümü icarə əsasında keçirmiş bir sıra futbolçular da qoşulacaq.
Yerli "İndex" portalı icarədən qayıdacaq 10 futbolçu arasında olan həmyerlimiz Mahir Emrelinin komandada qalmaq şansını yüksək qiymətləndirib: "Antonio Marin, Sandro Kulenoviç, Mahir Emreli, Marko Toliç, Niko Yankoviç, Mario Çuje, Bartol Barişiç, Yakov-Anton Vasily, Marko Soldo və Petar Suçiç icarədən qayıdır. Baş məşqçi İqor Bişçan onların hamısını hazırlıqlara aparacaq. Bruno Petkoviç Türkiyə klubuna keçmək üzrədir, Barışiç isə gəncdir. Belədə hücum xəttində sıxıntı olduğunu nəzərə alsaq, Polşada adından söz etdirərək ötən ilin əvvəlində “Dinamo”ya gələn, lakin özünü təsdiq edə bilməyən və fevralda “Konyaspor”a yollanan Azərbaycan millisinin futbolçusu Emreliyə yenidən şans yaranacaq. Hər halda, o, Türkiyə Superliqasında az vaxt ərzində iki qol vurmaqla özünü Bişçana göstərdi".
Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Konyaspor"a icarəyə yollanıb və Superliqada 12 matçda forma geyib. O, "Adana Dəmirspor" və "Beşiktaş"la görüşlərdə qol vurub. Mahir Xorvatiya klubundan ayrılanda baş məşqçi postunda olan Ante Çaçiç bir ay sonra - martda "Dinamo"dan istefaya göndərilib. Onun yerinə İqor Bişçan təyin olunub.
Mirağa