"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunda "Sabah"la görüşdən sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı 2:0 qalib gəldikləri oyunu belə şərh edib:
"Vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. "Sabah"a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım. Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Bu gün də Aleks Serrano cazalı duruma düşdü. Roderik Millerin ayağı burxulub. Ayxan Quseynovda da eyni zədədir. Nəsə fikirləşəcəyik. Bu il orta xətdə oyunçularımız zədələnir. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Avrokuboklara vəsiqə qazanmaq şansımız var deyə, təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Əgər şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik. Heyəti qorumaq baxımından bu il bizim üçün daha asan olacaq. Çünki, əksər oyunçuların bizimlə müqaviləsi var. Bununla yanaşı, yeni futbolçular da cəlb olunmalıdır".