UEFA ötən gecə keçirilən avrokubok oyunlarından sonra ölkələrin reytinqini yeniləyib.
Fanat.Az xəbər verir ki, reytinqdə dəyişikliklər olub.
Təmsilçilərimizin Konfrans Liqasında keçirdiyi oyunlar Azərbaycanın da mövqeyinə təsir edib. "Sabah" uduzaraq mübarizəni dayandırıbsa, pley-offa yüksələn “Zirə”nin “Osiyek”lə evdəki heç-heçəsi (2:2, pen. - 2:1) ölkəmizə 0,125 əmsal qazandırıb.
Bununla da ümumi qazancımız 18,875-ə çatıb. Beləliklə, Azərbaycan Avropada 26-cı pilləyə geriləyib. Buna Kiprin irəliləyişi səbəb olub. Adalıların aktivində 18,975 xal var. Bolqarıstan isə 18,375 xalla 27-ci sırada qərarlaşıb.
Son 5 ildəki 18,875 əmsallıq qazancın 2,125-i cari mövsümə aiddir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.