Cari mövsüm "Şamaxı"da uğurlu çıxışla diqqət çəkən Brahim Konatenin növbəti "futbol ili"nə harada başlayacağı bəlli deyil.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisinə "pul oxuyan" fransalı yarımmüdafiəçinin komandada qalmayacağı gözlənilir.
Düzdür, rəhbərlik ona növbəti mövsümdə daha yüksək maaş ödəməyə razı olub, amma Fransanın U-20 millisində oynamış Brahim "aslanlar"ın maliyyə reallığı ilə uzlaşmayan məbləğdən dəm vurub. Onu Azərbaycana gətirən menecer Ceyhun Sultanov artıq müştərisinin xidmətini digər Azərbaycan təmsilçilərinə də təklif edib. Futbolçunun adı "Neftçi" ilə yanaşı çəkilsə də, bu, qəsdən yaradılan reklam kampaniyasının tərkib hissəsidir. Real variantlardan biri isə "Turan Tovuz"dur.
Qeyd edək ki, cari mövsüm "Şamaxı" forması ilə Misli Premyer Liqasında 27 matça çıxan Konate 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan Kubokunda da meydanda olduğu 1 qarşılaşmada 1 qola imza atıb.
Rafael