Cari mövsüm hədəflərinə çata bilməyən "Neftçi"nin rəhbərliyi növbəti "futbol ili"nin planlarını indidən cızır. Misli Premyer Liqasına ukraynalı mütəxəssis Roman Qriqorçukla başlayan, 9-cu turdan sonra bərbad startla diqqət çəkən ukraynalını Samir Abasovla əvəzləyən "ağ-qaralar"ın idarəçiləri yerli çalışdırıcını postunda saxlamaq, heyəti yeniləmək niyyətindədirlər. Artıq komandanı tərk edəcək futbolçuların da adlarına aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda heyətdə olan 10 futbolçu növbəti mövsümə "Neftçi"də başlamayacaq.
Onların arasında müqaviləsinin müddəti bu yay başa çatmayacaq adlar da var. Sözləşməsi daha uzun müddətə nəzərdə tutulanlarla klub arasında artıq danışıqlar başlayıb və onların müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilməsi müzakirə olunur. Bakı təmsilçisinin yola salacağı oyunçulara gəlincə, bunlar Alfa Konte, Yuri Matias, Azər Əliyev, Azər Salahlı, Yeqor Boqomolski, Rafael Quzzo, Emil Balayev, Rüstəm Samiqulin, Robert Bauer və Rəhman Hacıyevdir.
Nihat