Xəbər verdiyimiz kimi, Gəncə şəhər stadionunun qazonu yenidən sıradan çıxıb. "Kəpəz" bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edərək "Keşlə” ilə ev oyununu təxirə salmaq, ən pis halda qarşıdakı turda – fevralın 18-də səfərdə oynamaq, əvəzində 4-cü dövrədə meydan sahibi olmağa çalışır.
Xatıqladaq ki, "Kəpəz” ilk dövrədə "Zirə”ni Yevlaxda qəbul etmiş, qalan bütün rəqibləri ilə isə razılaşaraq səfərdə oynamışdı. Əvəzində 2-ci dövrədə Gəncədəki oyunlar reallaşmışdı. Buna səbəb şəhər stadionunun qazonunun dəyişdirilməsi idi. Hazırda isə Gəncə stadionunun qazonu arzuolunmaz vəziyyətdədi. Saralmış qazon hətta məşq etmək üçün də yararsızdı. Oyunun canlı yayınlaması qazonun durumunu geniş auditoriyanın görməsinə səbəb olacaq. Bu səbəbdən "Kəpəz” rəhbərliyi ot örtüyü yaşıllaşana kimi ev oyunlarından qaçmağa çalışır.
Arenanın təmirindən yarım il ötməyib, amma indidən qazon yarıtmaz vəziyyətdədi. AFFA-nın büdcəsindən bura 650 min manat xərclənib. Bəs qazon niyə qısa zamanda pis vəziyyətə düşüb? Bununla bağlı Gəncə şəhər staionunun ot örtüyünə nəzarət edən "Avrosport” şirkətinin baş aqronomu Orxan Yunusovla əlaqə saxladıq.
- Stadionun ot örtüyündə nə problem var?
- Mən də mətbuatdan oxuyuram. Çox narahatam ki, bu haqda boş-boş sözlər yazırlar. Çox sağ olun ki, zəng vurduz, dəqiq aydınlaşdıracam. Bu stadionda heç bir problem yoxdu. Sadəcə olaraq qazonun altında istilik sistemi olmadığına görə saralıb.
- İstilik sistemi niyə yoxdu ki?
- Vallah, onu deyə bilmərəm. O məsələlərlə AFFA maraqlanır. Özüm 2011-ci ildən bu işlə məşğulam. Qəbələdənəm. "Qəbələ” klubunda 7 il işləmişəm. "Qalatasaray”da, "Kasımpaşa”da da çalışmışam. Yəni bu işdə naşı deyiləm. İstilik sistemi qurmaq olardı, amma qurulmayıb. Bunun səbəbini də AFFA bilər. Pul ayrılsaydı, yuxarıdan deyilsəydi ki, bura istilik sistemi qurulmalıdı, qurulardı. Çünki bu əlavə maliyyə tələb edir. Amma bu mənim səlahiyyətimə daxil olan məsələ deyil. Biz qazona nəzarət edirik. Ot örtüyündə də heç bir xəstəlik yoxdu. İstəsəz, gəlib baxa da bilərsiz. Otun saralması da təbii haldı. Hazırda Gəncədə buludlu, soyuq hava var. Yatmış insana yemək vermək mümkün olmadığı kimi, otun da gübrə və su üçün oynaması şərtdi. Düzdü, profilaktik tədbirlər görmüşük, dərmanlar verilib. Amma saralması bizlik deyil. 15-20 günə o da düzələcək.
- Stadiona qulluq üçün maliyyəni kim ayırır?
- Vallah, onu bilmirəm. Mən "Avrosport” şirkətinin əməkdaşıyam. Bura iyulda gəlmişəm. Bizdən əvvəl SİS şirkəti baxırdı. Ötən ilin oktyabrında "Avrosport”a tam şəkildə təhvil verilib. Biz gələndə ot örtüyü hazır idi, bizə belə təhvil verilib. Biz təhvil alanda istilik sistemi yox idi. Niyə qurulmadığının səbəbini də bilmirəm.
- SİS şirkəti niyə istilik sistemi quraşdırmayıb?
- Onu bilmirəm. Bakı Olimpiya Stadionunu, "Qəbələ”nin meydançalarını, "Bakcell Arena”nı da SİS düzəldib. Yəqin, maliyyə ayrılsaydı, o da olardı. Buna cavab verməyə çətinlik çəkirəm. Çünki o vaxt burda olmamışam.
- "Qəbələ”də istilik sistemi var?
- Var. Əsas meydançada quraşdırılıb. Qazon da normaldı. Amma "Bakcell Arena”da da yoxdu. İstilik sistemi olmayan, kənarları açıq bütün ot örtüklü stadionlarda qış mövsümündə vəziyyət eyni cürdü.
- Yaxşı, "Bakcell Arena”da niyə elə deyil?
- Gəncədəki ot örtüyüylə ordakı fərqlidi. Otun növləri var axı... Bakıyla Gəncənin iqlimi də fərqlidi. Dağətəyi şəhərdi. Murovdan gələn soyuq problem yaradır. Həm də "Bakcell Arena”nın yanları bağlıdı, qapalı yerdi. Bizdə noyabra qədər heç bir problem olmayıb. İndiki vəziyyət də soyuqlarla bağlıdı.
Fanat.Az