Tahir Süleymanov
Peşəkar futbol qəddar oyundur. Mənəvi qəddarlığı isə daha ağır, daha dözülməzdir.
Uinston Çerçilin vaxtilə bildirdiyi, "hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir" ifadəsi özünütənqid idi. Stalin, Ruzveltlə dünyanı bölən ingilis baş nazirin futbolun nə qədər çətin, dərin olduğu qarşısında aciz bir etirafı, eyni dərəcədə verdiyi fəlsəfi qiymət, dəyər idi...
Ölkələri, xalqları soruşmadan, məhəl qoymadan istədikləri kimi "nizamlayan", dövlətləri, millətləri yer üzündən silən, sürgün edən, rezervuarlarda bu günə kimi saxlayanlar futbol təfəkkürünü dərk etməkdə çətinlik çəkirdilər.
Azərbaycanda futbol düşüncəsi xaosu yaşanır. Son illər isə pik həddə çatıb. Dağıdılmış futbolumuzda hamı Çempionlar Liqası, Avroliqada hədəflərdən danışır, ən pis halda qruplara düşmək deyil, drupdan çıxmaq haqqında düşünür...
Nə gözəl günlər var idi. Milyonlar sel kimi axır, aşıb-daşır, dünya səviyyəli "mütəxəssis"lər havadarları ilə ciblərini doldurur, Azərbaycan futbolunun şanlı gələcəyi düşünülürdü.
Milli hər "tsıkl"da bir qələbə qazanır, bir xal daha çox yığır, klublarımız ən yaxşı halda 1-2 mərhələ keçirdi. Klip çəkdirənlər, yaxşı ikramız var deyənlər, 2020-də qrupları hədəfləyən "dahi"lər... Nə finallar, nə də ki, qruplar yada düşmürdü. Hamı da razı, şad-xürrəm idi...
Zaman yetişdi, fərdlər hesabına qruplar da gəldi. Azarkeş ekrandan həsədlə baxdığı "İnter", "Çelsi", "Borussiya", "Atletiko", "Roma", "Totenhem"i stadionlarımızda canlı izlədi, böyük futbolun nə olduğunu əyani gördü.
Başlandı nə başladı. Total futbol "represiya"larına start verildi. Azərbaycan futbolunda "partizan"lara yer olmamalıdır. Bu gün də davam etməkdədir...
Heyif deyil Macarıstan faciəsindən sonra rus dilində milli ruhlu "Neftçi"ni italyansayağı keçmiş komandana qarşı motivasiya edəsən. "Balzan"ın "bal"ından dadıb "sabah"a ümidlə baxasan. Qəbələdə 3 top vurub "tərəqqi"ni təmin edəsən. Nə Avropa yada düşmür, nə də qruplar, nə tənqid olunmurlar, nə də "asılıb-kəsilmir"lər...
Çox yaxın keçmişdə "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı", "İnter", "Qəbələ" arasında keçirilən onlarla çempionat oyunları "Qarabağ" - BATE görüşü səviyyəsində, bir çoxu isə keyfiyyət baxımdan daha üstün idi...
Məmləkətimizdə tarixən ölənlərə qiymət verilir.
Sağlığında, varlığında heç kimin, heç nəyin dəyəri bilinmir. "Xəzər Lənkəran", "Bakı", "Karvan", MTK Araz, "Simurq", son illərin "Neftçi"si... Saymaqla bitməz.
Sizə qrup, "əjdaha" lazımdı?! Azərbaycan futbolunda əjdahalıq edənlər düşmən olurlar, düşmənə çevrilirlər. Qayıdın "kəndi"nizə, "Bakı birinciliyi"ndə təxirə salınmış "Zirə" ilə oyun gözləyir sizi...
Azərbaycan futbolu bataqlıqdadır. Bataqlıq isə heç kimə güzəşt etmir. Hamını sovurub aparır.
Bir çıxış yolu var, əl-ələ tutub, köməkləşib xilas yolunu tutmaq. Bataqlıqdan uzanan uğurlu əllər havada qalmamalıdır...
Çerçil nə yaxşı ki, fərqli təfəkkürə sahib olub. Yoxsa onun gücü, imkanları ilə istəsəydi dünya futbolunu məhv edərdi. "Hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir" etirafı ilə nümunə qoyub gedib.
Futbol gözəl oyundur. Gözəlliyi qədər də nankordur. Futbola dəyər verənlərə dəyər verək!
Fanat.Az