Rusiyanın "Spartak" klubu əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevə qarşı sərt intizam sanksiyaları tətbiq edib.
Səbəb kimi 23 yaşlı yarımmüdafiəçinin komandanın məşqinə gələrkən piyada ilə münaqişəyə girməsi və ona kobud fiziki güc tətbiq etməsi göstərilib. Həmin piyada ABŞ vətəndaşı olub. Tərəflər sonradan münaqişəni yoluna qoyublar və zərərçəkən futbolçuya qarşı heç bir iradının olmadığını bildirib. Lakin baş verənləri öyrənən "Spartak" rəhbərliyi Quliyevi ciddi cəzalandırmağı qərara alıb. Klub istənilən zorakılıq hallarını pisləyərək, oyunçusunun belə davranışını yolverilməz sayıb.
Öz növbəsində Quliyev özünü aqressiv apardığını bildirib: "Günahımı etiraf edirəm. Zərərçəkəndən bir daha üzr istəyirəm. Həmçinin məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubuma üzrxahlıq edirəm. Komandamızın azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq".
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin yaydığı məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 12.12 maddəsinə uyğun olaraq, A.Quliyevə qarşı iş açılıb. O, işıqforun qırmızı işığına və ya tənzimləyicinin jestinə məhələ qoymadığı üçün 1000 rubl, həmçinin əlavə 800 rubl məbləğində inzibati qaydada cərimələnə bilər.
Qeyd edək ki, A.Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi "Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Elini vurub. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu qəza nəticəsində burnu sınan əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən A.Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb.
Bildirilir ki, A.Quliyev "Mercedes” markalı avtomobilini ötən ilin sonunda alıb. O, geridə qalan müddət ərzində bu maşınla 200 dəfədən çox yol hərəkəti qaydalarını pozub. Gənc oyunçu xüsusən də sürət həddinə məhəl qoymayıb. (Report)
Fanat.Az