Vətən müharibəsində yaralanmış"Neftçi"nin, "İnter"in və Gürcüstan millisinin keçmiş məşqçisi Ağakişi Mehdizadə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova futbola qayıtmasına icazə verməsi xahişi ilə müraciət edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Neftçi"nin mətbuat xidmətinin sabiq rəhbəri Anar Şabanoğlu məlumat yayıb:
"Vətən müharibəsində yaralanmış "Neftçi"nin, "İnter"in və Gürcüstan milli komandasının keçmiş məşqçisi Ağakişi Mehdizadə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova futbola qayıtmasına icazə verməsi xahişi ilə müraciət edib. Amma Elxan müəllim Vətən üçün canını verən igidimizə, Azərbaycandan kənarda, özü də milli komandada işləmək səviyyəsinə yüksəlmiş bəlkə də yeganə azərbaycanlı futbol mütəxəssisinə sevdiyi və ən yaxşı bacardığı işə qayıtmağa icazə vermir.
Elxan Məmmədovun rəhbərlik etdiyi federasiya 4 ildir ki, Ağakişinin futbolla məşğul olmasına ömürlük qadağa qoyub. Respublika Prokurorluğu AFFA-nın müraciəti əsasında Ağakişinin futboldan qovulması məsələsini araşdırıb və gənc məşqçidə heç bir günah tapmadığı üçün hələ 2018-ci ildə işə xitam verib.
Amma Elxan Məmmədov Azərbaycan futbolundakı ən savadlı mütəxəssislərdən birini, gənc kadrı, Qarabağ qazisini əfv etmək istəmir.
Qazinin hazırda durumu yaxşı deyil. İpotekada olan evinin ödənişini edə bilmir. Himayəsində ailəsi, azyaşlı uşağı var. Evdə işləyən yoxdu. Çətin vəziyyətdə olan Ağakişi Mehdizadə AFFA-ya dəfələrlə geniş məktublar yazsa da, cavabında ona eyni mətn göndərilir.
Azərbaycan futbolunu "ölkədə ən şəffaf və yüksək sürətlə inkişaf edən sahəyə çevirən" Elxan Məmmədov isə eyni məzmunlu cavablar göndərməklə yanaşı Ağakişi Mehdizadəni qəbul edib dərdini dinləmək də istəmir.
Çıxılmaz vəziyyətdə qalan qazi bir neçə gün əvvəl onu "Xocavəndin azad olunması medalı" ilə təltif edən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə müraciət etməyi düşünür.
Ağakişi mənimlə söhbətində ictimaiyyətə onun futboldan ömürlük uzaqlaşdırılması ilə nəticələn "Neftçi" - "Keşlə" oyunu haqda bütün detalları açıqlayacağını və bundan sonra onun AFFA-nın verdiyi cəzaya layiq olub-olmamasına xalqın da qiymət verməsini istədiyini dedi.
Sonda bir daha qeyd edim ki, hələ 2018-ci ildə Respublika Prokurorluğu bu işə xitam verib..."