Koronavirus pandemiyası səbəbindən 1 ildən çoxdur ölkəmizdə davam edən karantin rejimi ilə əlaqədar olaraq futbol yarışları azarkeşsiz keçirilir.
Ancaq Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahla AVRO-2020-nin yerli Təşkilat Komitəsinin birgə iclasında Avropa çempionatının Bakıda keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş buraxılmasına qərar verdi.
Bu qərar yerli azarkeşlər arasında narazılığa səbəb olub. Pandemiyanın hökm sürdüyü dönəmdə AVRO-2020 oyunlarına təxminən 31 min azarkeşin girməsinə icazə verilib, ölkə çempionatına oyunlarına elə də çox sayı olmayan tamaşaçıların buraxılmaması birmənalı qarşılanmayıb.
Bir neçə gün öncə AFFA-nın İcraçı Direktoru Elxan Məmmədovun ölkə mətbuatına müsahibədəsində bu məsələyə də toxunulsa da, AFFA rəsmisi çempionat oyunlarına azarkeşlərin buraxılması ilə bağlı konkret cavab verməmişdi. Bu qeyri-müəyyənlənlik azarkeşlər, hətta idman mətbuatının nümayəndələri arasında xoş qarşılanmadı və sosial şəbəkədə müzakirə, hətta tənqid mövzusuna çevrildi. Xüsusilə də ölkə çempionatının sonlarına yaxınlaşdığımız üçün çempionluq uğrunda gərgin mübarizə getdiyi vaxtda, Azərbaycan Kubokunun finalına az qaldığı müddətdə azarkeşlərin sevimli komandalarının yanında ola bilməməsi onları daha da qəzəbləndirir.
Məsələ ilə bağlı AFFA-ya müraciət edib qeyri-müəyyən qalan suala cavab öyrənmək istədik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla Fanat.Az-a açıqlamasında bildirdi ki, azarkeş məsələsi təkcə AFFA-dan asılı deyil:
"Səbəb tətbiq olunan karantin rejimi ilə bağlıdır. Çünki kütləvi tədbirlərin keçirilməsinə hələ ki icazə verilmir".
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 1-dək uzadılıb.
Röya Kərimli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol