Misli Premyer Liqasının VI turu gözləniləndən də maraqlı keçdi.
Ötən tur “Səbail”lə oyunda xal itirən “Sabah” bu dəfə “Qarabağ” uduzdu. “Qərb derbisi”ndə qalib gələn “Turan Tovuz” isə azarkeşlərini sevindirməyi bacardı. Qol həsrəti bitən “Sumqayıt” “Şamaxı”ya qalib gələ bilmədi. Bu isə Aleksey Baqaya bəslənən inamı daha da azaltdı. “Sumqayıt” kimi “Kəpəz” də qələbəyə həsrət qalıb...
“Turan Tovuz” – “Kəpəz” 2:0
Qollar: Runi Eva, 39, 77(pen.)
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Kəpəz”: 12. Kamran İbrahimov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Rinat Quseinov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Tərlan Əhmədov
Ötən həftə “Kəpəz”in yeni baş məşqçisi rəsmən təsdiqləndi. Yaşar Vahabzadənin gedişindən sonra boşalan posta Tərlan Əhmədov təyin edildi. Amma gedişat onsuz da göstərirdi ki, Gəncə təmsilçisinin əsas problemi baş məşqçiylə bağlı deyil. “Kəpəz” 6-cı turda da xalsız qaldı. Özü də “Turan Tovuz”la görüş gəncəlilər üçün prinsipial əhəmiyyət daşıyırdı. Qonaqlar qapılarının toxunulmazlığını cəmi 39 dəqiqə qoruya bildilər. “Şamaxı”yla oyunun qəhrəmanlarından olan Runi Eva Kamran İbrahimovun qoruduğu qapının torunu məhz həmin dəqiqədə silkələyə bildi. Kamerunlu hücumçu 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə “dubl”unu rəsmiləşdirdi. Yeri gəlmişkən qeyd edək ki, Runi çempionatımızın ən məhsuldar oyunçuları sırasındadı, onun hesabında 3 qol var.
Bu qələbə sayəsində tovuzlular xallarını 10-a çatdırdılar. Topların daha yaxşı fərqinə görə “Zirə”ni qabaqlayan Ayxan Abbasovun komandası 4-cü sıradadı. Bu nəticəni elitanın debütantı üçün əla saymaq olar. Xal üzünə həsrət qalan “Kəpəz” isə sonuncu sıradadı.
“Qəbələ” – “Neftçi” 1:2
Qollar: Məqsəd İsayev, 31 - Ataa Caber, 46, 53.
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
“Neftçi” Qəbələ səfərində əzmkar qələbə qazandı. Bu xarakter nümayişinə görə “ağ-qaralar”ı təbrik etmək olar. Rumın mütəxəssisin komandası fasiləyə məğlub durumda yollansa da, fasilədən sonra Ataa Caber səhnəyə çıxdı. Onun 7 dəqiqə ərzində vurduğu iki qol “Neftçi”yə uzaq səfərdə 3 xal qazandırdı. Maraqlıdı ki, bu qarşılaşmaya qədər paytaxt klubu səfərdə inamsız təsir bağışlayırdı. Görünür, komanda yavaş-yavaş öz oyununu tapır, daha inamlı oynamağı bacarır.
“Qəbələ” isə “qara zolaq”dadı. “Neftçi”ylə oyundakı yenilgi “qırmızı-qaralar” üçün ardıcıl üçüncü məğlubiyyət oldu. “Turan Tovuz”, “Şamaxı” və “Kəpəz”i çətinlik çəkmədən məğlub edən “Qəbələ” nisbətən ortabat rəqiblərlə qarşılaşan kimi xala həsrət qaldı. Maraqlısı odu ki, Elmar Baxşıyevin komandası həm “Zirə”, həm də “Neftçi”ylə oyunda hesabı açan tərəf oldu. Amma bu üstünlüyü qorumağı bacarmayan “qırmızı-qaralar” sonda məğlubiyyətlə barışdılar.
Ardıcıl 3 oyunda uduzan “Qəbələ” ilk turlarda qazandığı 9 xal sayəsində 6-cı sırada qərarlaşıb. “Neftçi” isə 15 xal toplayıb ki, bu da onlara “Qarabağ”la birlikdə turnir cədvəlinə şərikli liderlik etməyə imkan verir.
“Səbail” – “Zirə” 1:2
Qollar: Ağabala Ramazanov, 13 - Dmitrios Çantakias, 5, Sertan Taşkın, 33.
"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
"Zirə": 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
“Zirə”nin də işləri yavaş-yavaş qaydasına düşür. Qəsəbə təmsilçisi ardıcıl ikinci oyunda 3 xala sevindi. Özü də bu dəfəki qələbə səfərdə qazanıldı. Çantakiasın erkən qoluna Bayıl təmsilçisi 13-cü dəqiqədə cavab verdi. Ağabala Ramazanov tabloya adını yazdırdı. Düşünmək olardı ki, bu qol meydan sahiblərini ruhlandıracaq və onlar azı 1 xal qazanmağı bacaracaqlar. Amma Sertan Taşkın fasiləyə qədər “Zirə”ni hesabda önə çıxardı. İlk hissədə qapılara üç qolun vurulduğu oyunun ikinci hissəsində tərəflərdən heç biri fərqlənə bilmədi. Belədə “Zirə” 2:1 hesablı qələbəni bayram etdi.
10 xallı “Zirə” turnir cədvəlində 5-ci pillədə yer alıb. Maraqlıdı ki, “Səbail” “Zirə”dən düz iki dəfə az xal toplayıb. 5 xal “Səbail”ə 7-ci pillədə qərarlaşmağa imkan verir.
“Sumqayıt” – “Şamaxı” 1:1
Qollar: Almir Aqanspahiç, 3-pen. - Bahadur Həziyev, 45
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 37. Alya Ture
Baş məşqçi: Aleksey Baqa
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
“Sumqayıt” üçün 6-cı tur əlamətdar oldu. Düzdü, “gənclik şəhəri”nin təmsilçisi bu tur da qələbə qazana bilmədi. Amma bu dəfə qol vurmaq mümkün oldu. “Sumqayıt” ilk 5 turda qol vurmağı bacarmamışdı. Nəzərə alsaq ki, rəqib zəif hesab olunan “Şamaxı” idi. Onda Aleksey Baqanın çalışdırdığı komandanın bu dəfə qələbəyə sevincəyi proqnozlaşdırılırdı. Di gəl ki, erkən qolla önə keçən “Sumqayıt” qələbə hesabını qoruya bilmədi. Meydan sahiblərini Bahadur Həziyev fasilə ərəfəsində vurduğu gözəl qolla cəzalandırdı. Yenidən önə keçmək üçün “Sumqayıt”ın xeyli zamanı olsa da, növbəti qolu vuran tapılmadı.
Qeyd edək ki, bu heç-heçə “Sumqayıt” üçün mövsümdə üçüncü, “Şamaxı” üçün isə ikinci oldu. Qələbəyə həsrət autsayderlər müvafiq olaraq 8-ci və 9-cu yerləri tuturlar.
“Qarabağ” – “Sabah” 4:3
Qollar: Musa Qurbanlı, 29. Elvin Cəfərquliyev, 51. Ramil Şeydayev, 84-pen; 90+3-pen. - Emmanuel Apeh, 33. Coy Lens Mikels, 60. Aleksey Kaşuk, 68.
Qırmızı vərəqə: Abdulaye Ba, 44 (ikinci sarı)
"Qarabağ": 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 19. Filip Ozobiç, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 21. İldar Ələkbərov, 6. Abdulah Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Baş məşqçi: Murad Musayev.
Liderlərin qarşılaşması afişasını doğrultdu. Azarkeşlər 90 dəqiqə ərzində futbol adına hər şey izləyə bildilər. 7 qolun vurulduğu qarşılaşmada hakim İnqilab Məmmədov “Sabah”a iki qırmızı vərəqə göstərib, iki dəfə də qonaq komandanın qapısına penalti təyin etdi. 44-cü dəqiqədə mərkəz müdafiəçisi Abdulaye Ba meydandan qovuldu. İkinci hissədə isə “Sabah”ın baş məşqçi Murad Musayev İnqilan Məmmədovun sərt üzünü gördü və tribunaya göndərildi.
Qollara gəlincə isə hesabı görüşün 29-cu dəqiqəsində Musa Qurbanlı açdı. Cəmi 4 dəqiqə sonra Apeh hesabı bərabərləşdirdi və komandalar fasiləyə “sülh”lə yollandılar. Özü də fasilə ərəfəsində “Sabah” azlıqda qalmışdı. Düşünmək olardı ki, ikinci hissədə “Qarabağ”ın işi rahat olacaq, meydan sahibləri qələbə hesabını təmin edib, nəfəslərini dərəcəklər. Elvin Cəfərquliyevin 51-ci dəqiqədəki qolu da bu ssenariyə uyğun idi. Amma “Sabah” təslim olmaq fikrində deyildi. Mikelslə Kaşuk 60 və 68-ci dəqiqədə “Sabah”ı önə keçirən qolların müəllifi oldular. 10 nəfərlə oynayan “Sabah” qələbə hesabını qorumağı bacarmadı. Ramil Şeydayevin son 10 dəqiqədə penaltidən iki qol vurması yekun hesabı müəyyənləşdirdi və “Qarabağ” 4:3 hesablı qələbəylə azarkeşlərini sevindirdi.
Bir oyunu ehtiyatda olan “Qarabağ” 15 xalla turnir cədvəlinin lideridi. “Sabah” iki xal az toplayıb və 3-cü pillədə “Neftçi”ylə “Qarabağ”ı təqib edir.
Amal Abuşov