Rusiyanın "Zenit" futbol akademiyasında çıxış edən 12 yaşlı həmyerlimiz Nail Ziyadov 10-dan çox fərdi və komanda şəklində mükafatlara layiq görülüb. Gənc futbolçuya Almaniya klubları tərəfindən də maraq göstərilib.
Hazırda Nail Bakıda atası ilə istirahətdədir. Fanat.Az olaraq fürsətdən istifadə edib gənc futbolçunun özü və atası ilə söhbətləşdik.
Nailin atası Paşa Ziyadov qeyd etdi ki, oğlunu formada saxlamaq üçün "Sabah" futbol klubunun akademiyasında qısamüddətli məşqlərə yazdırıb:
"Vətənə bir aylıq istirahətə gəlmişik. Burda dostlarla görüşüb şəhərimizi ziyarət edirik. Nailin formada qalması üçün onu müvəqqəti "Sabah"ın akademiyasına yazdırdım. Çünki qayıdanda onu vacib yarış gözləyir. Haqqında bəhs etdiyim turnir mütəmadi olaraq keçirilir. Əslində Nailin orada olmamasına görə komanda yarışa getmədi. Tanınmış futbolçu Andrey Arşavinin ilk məşqçisi Viktor Vinoqradov Nailsiz yarışa qatılmaqdan imtina etdiklərini bildirib. Biz həmin vaxt Bakıdaydıq. Növbəti turnirə qədər qayıdacağıq.
Nailin futbola gəlişi çox erkın yaşında olub. Hiperaktiv uşaq idi. Üç yaşında artıq topla oynayırdı. Özü də Neymarın fanatı idi. Elə indi də. Bu həvəsindən ilhamlanıb onu "Zenit"in akademiyasına yazdırdıq.
Nailin oyununu bəyənən bir neçə avropalı skaut olub. Almaniyada uşaqlar arasında keçirilın turnirdə "Bayern Münhen" klubunun akademiya komandası ilə oyunda onu alman mütəxəssislər xüsusu olaraq izləyirdi. Həmin qarşılaşmada "Zenit" qalib gəldi. Mənə uşaqla birlikdə Almaniyaya köçməyi təkif etdilər. Hər şeyin onlara ucuz başa gəlməsi üçün irəli sürdükləri şərtlər məni qane etmədi. Bu səbəbdən təklifdən imtina etdim.
Nail hər mövqedə oynayır. Özündən soruşsanız deyər ki, istənilən ampluada özünü rahat hiss edir. Hələlik konkret mövqeyi yoxdur. Amma qol duyumu olduğu üçün vacib oyunlarda hücumda çıxış edir".
12 yaşlı unuversal futbolçu özü də saytımıza açıqlamasında Bakıdakı uşaq futbolu ilə Rusiyadakı akademiyanı müqayisə etib:
"Burda məşqlərdə iştirak edirəm. Hər şey məni qane edir. Bu gün müşahidə etdim ki, komandada hücumçu kimi çıxış edən oyunçular daha çox ötürməsiz oynamağa üstünlük verir. Sanki yalnız özləri fərqlənmək istəyir. Azərbaycanı çox sevirəm. İstəyirəm ölkəmi layiqincə təmsil edim. Harda olmağımdan asılı olmayaraq məşqlərimdən qalmıram, hər zaman yaxşı formada olmağım üçün bu mütləqdir. Əlbəttə ki, dərslərimə də vaxt ayırıram. Çalışıram hər iki sahədə özümü doğruldum".
Emin Şəmsiyev