Azərbaycan boksçusu Nicat Hüseynov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək qızıl medala layiq görülüb.
Beləliklə, Azərbaycan yığması 11 gün davam edən Avropa çempionatında çıxışını başa vurub. Yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. Boksçularımız Poreçdə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.
Qeyd edək ki, Nicat Hüseynov 1/4 finalda Antonio Payvanı (İrlandiya), 1/2 finalda Mehmethan Çinarı (Türkiyə) məğlub edib.