Sabah - martın 23-də Göygöl Olimpiya İdman Kompleksində 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın Əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunacaq turnirdə Türkiyə, Almaniya, Gürcüstan, Macarıstan, Özbəkistan və Sloveniyadan 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Ölkəmizi yarışda 400-ə yaxın gənc cüdoçu təmsil edəcək.
İki gün davam edəcək beynəlxalq turnirin təşkilində əsas məqsəd idmançıların peşəkarlıq səviyyəsinin artırılması, ustalıqlarının təkmilləşdirilməsi və ölkələrarası dostluq əlaqələrinin yaradılması və gücləndirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, turnir Azərbaycan Cüdo Federasiyasının, Göygöl Rayon Gənclər və İdman İdarəsinin və Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə baş tutacaq.