"Cüdoçularımızdan bir neçə medal gözləyirəm".
Bunu Fanat.Az-a 29 aprel - 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının imkanlarını dəyərləndirərkən millinin keçmiş baş məşqçisi Fərhad Məmmədov deyib.
2017-ci ildə yığmanı çalışdıran 45 yaşlı mütəxəssis şəxsi məşqçisi olduğu Olimpiya mükafatçısı Elmar Qasımovun bu yarışda yenidən sözünü deyəcəyinə inandığını bildirib:
"Elmar Antalyadakı son "Böyük Dəbilqə"də döyüşdüyü kimi döyüşsə, mütləq mükafatçılar arasında olacaq. Türkiyədə həqiqətən çox yaxşı güləşdi. Orada sübut elədi ki, hələ heç nə bitməyib. Yarışa psixoloji hazırlıq da önəmlidir. Yetirmələrimlə tez-tez əlaqə saxlayıram. Elmar da, Rüstəm də özünü yaxşı hiss edir. Onlardan da, digər uşaqlardan da medal gözləyirəm. Əsas da Hidayət Heydərov və Məmmədəli Mehdiyev hazırda yaxşı formadadırlar".
Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması Avropa çempionatına tam heyətlə - 9 nəfərlə qatılacaq. Almaniyalı Riçard Trautmanın başçılıq etdiyi məşqçilər korpusu yarışda Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Sahib