Azərbaycan cüdoçusu Vüqar Talıbov Avstriyanın Qras şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin gümüş medalını qazanıb.
Fanat.Az xəbər verir ki, idmançı qızıl medal uğrunda fransalı Aleksa Mitroviçlə qarşılaşmalı olsa da, yarımfinal qarşılaşmasında zədələndiyi üçün həlledici görüşə çıxa bilməyib.
Beləliklə, Avstriyaya 14 nəfərlik heyətlə yollanan Azərbaycan millisi yarışı 2 medalla başa vurub.
Qeyd edək ki, Avropa Kubokunun ilk günündə 73 kq-da yer alan Vüsal Qələndərzadə yalnız finalda uduzaraq gümüş mükafata sahib çıxıb.
*** 18:05
Avstriyanın Qras şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə Azərbaycanın 8 təmsilçisi tatami üzərinə çıxıb.
90 kiloqram çəki dərəcəsində yer alan Vüqar Talıbov mübarizəyə 1/16 finaldan qoşulub. 19 yaşlı cüdoçu ardıcıl olaraq Gizo Qoqunaşvili (Gürcüstan), Kudret Dossimov (Qazaxıstan) və Andrea Raffaelini (İtaliya) üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə Avstriyanı təmsil edən erməni əsilli Aslan Papoyana da şans verməyən Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi adını finala yazdırıb.
Talıbov həlledici görüşdə fransalı Aleksa Mitroviçlə münasibətlərinə aydınlıq gətirəcək.
Digər cüdoçularımız isə erkən mərhələlərdə uduzaraq medal qarşılaşmalarına vəsiqə qazana bilməyiblər.
Qeyd edək ki, Avropa Kubokunun ilk günündə Azərbaycan komandası bir medal qazanıb. 73 kq-da yarışan Vüsal Qələndərzadə yalnız finalda uduzaraq gümüş mükafata sahib çıxıb.