Polşanın kişilərdən ibarət cüdo yığmasının baş məşqçisi Rəşad Həsənov Fanat.Az-a müsahibə verib.
Azərbaycanlı mütəxəssis sözügedən posta təyinatından ötən səkkiz ay ərzindəki fəaliyyəti barədə danışıb.
- Rəşad bəy, ötən ilin noyabrından Polşa yığmasını çalışdırırsınız. Sizin təyinatınızdan sonra komandada nə dəyişib?
- Polşanın cüdoda ikiqat olimpiya çempionu da var, amma bu ölkənin millisi artıq neçə illərdir iddialı yığmalar arasında yer almır. Mən də təyinat alarkən yaxşı bilirdim ki, iddiası yüksək olmayan, seçim imkanı az olan yığmanın "sükanı arxası"na keçirəm. Lakin vətəndən qıraqda çalışmaq həmişə arzum olub. Bu səbəbdən daha gec olmadan gələn təklifi dəyərləndirmək qərarı verdim. Mən Polşa millisini çalışdırmağa başlayanda yığmadakı uşaqların vəziyyəti ilə indiki arasındakı fərqi hər şeydən öncə nəticələr göstərir.
- Yığmada əsasən nə çatmırdı?
- Komandanın ümumi hazırlığında xeyli problemlər var idi. Mənədək təlim-məşq toplanışları az-az, qısamüddətli, cəmi üç-dörd günlük olub. Üstəlik, bu toplanışlara yığmanın bir çox əsas üzvləri qatılmayıb. Onlar daha çox fərdi məşqlərə üstünlük veriblər. İdmançıların fiziki hazırlıqları, həmçinin kimono məşqləri istənilən səviyyədə deyildi. Mən gələndən sonra öncə bunun üzərində işləməyə başladım. İndi təlim-məşq toplanışları ən azı 10 gün olur. Bir neçə dəfə xaricdə - Türkiyədə, Xorvatiyada, o cümlədən doğma Azərbaycanda təlim-məşqlər keçmişik.
- Sofiyada keçirilən son Avropa çempionatında 100 kiloqram çəki dərəcəsində yer alan Pyotr Kuçera gözlənilmədən finala çıxdı. Onadək isə artıq 10 il idi ki, Polşanın kişi cüdoçuları analoji yarışın həlledici mərhələsinə yüksəlmirdi. Həmin vaxt dünya reytinqinin 67-ci pilləsində qərarlaşmış sözügedən idmançının uğurunun sirri nə idi?
- Kuçera əvvəllər 90 kiloqramda çıxış edirdi. Mən yığmaya gələndən sonra qərara aldıq ki, 100 kiloqrama keçsin. Çünki fiziki göstəriciləri, sürəti 100-ə daha uyğundur. Kuçera təcrübəsiz idmançı deyil, 27 yaşı var. İmkanları da aşağı deyil, yetərincədir. Lakin bunadək, demək olar, bir ciddi nailiyyətlə yadda qalmamışdı. Avropa çempionatınadək mənim rəhbərliyim altında "Böyük Dəbilqə"də 1/4 finaladək gəlmişdi. Amma Sofiyada medal qazanacağına inamsız idi. Bildiyiniz kimi, 100 kiloqramda kifayət qədər titullu, güclü idmançılar mübarizə aparır. Reytinqin ilk "50-liy"ində olmayan idmançı üçün belə yarışlarda mükafat qazanmaq çox çətin olur.
- Kuçera qitə çempionatında ardıcıl olaraq iki ikiqat dünya çempionunu - portuqaliyalı Xorxe Fonseka və İspaniya təmsilçisi Nikoloz Şerazadişvilini yendi. Görünür, məşqçi də onu inandıra bilmişdi...
- Adını çəkdiyiniz cüdoçu Fonseka ilə bu ay Zaqrebdə Qran Pri yarışında da üz-üzə gəldi. O vaxt görüşdən öncə mən ona dedim ki, sənin ilk qələbəni hər kəs təsadüf kimi qiymətləndirir. Tribunadakılar sənə yox, yenə də ona inanır. Amma bu dəfə qalib gəlsən, daha o fikir qalmayacaq. Ən azı düşünəcəklər ki, sən Fonseka üçün tərs rəqibsən. Beləcə, çıxıb ikiqat dünya çempionunu yenidən məğlub etdi.
- Polşada cüdonu nə dərəcədə populyar idman növü saymaq olar?
- Əvvəllər daha çox sevilib. Amma indi də populyarlığı az deyil. Aşağı yaş qruplarında yetərincə kütləvilik var. Uşaq və yeniyetmələr arasında yarışlarda yüzlərlə idmançı görə bilirsən. Amma irəli yaşlarda bu say kəskin azalır. Səbəb maddiyyatdır. Düzdür, burada yaxşı klublar, təlim-məşq bazaları var. Amma ümumi götürəndə bizdəki kimi geniş imkanlar yoxdur. Federasiya məhdud büdcə ilə fəaliyyət göstərir.
- Polşanın artıq uzun illərdir ki, cüdoda olimpiya medalçısı da yoxdur. Sizin rəhbərliyiniz altında Parisdə mükafat qazanılması mümkündürmü?
- Federasiya rəhbərliyi tərəfindən baş məşqçi olaraq qarşıma böyük hədəflər qoyulmayıb. Əsas məqsəd yeni idmançıları ortaya çıxarıb onları sonrakı Olimpiadaya - Los-Anceles-2028-ə hazırlamaqdır. Lakin Paris-2024 üçün də müəyyən hədəflərimiz var. Çalışacağıq ki, heç olmasa, beş idmançımız Olimpiadaya lisenziya qazandıran mövqedə qərarlaşsın. 73, 81 və 100 kiloqram çəki dərəcələrində imkanlarımız daha çoxdur.
- Polşa yığmasına təyinatınızadək Azərbaycanda müxtəlif yaş qrupları üzrə yığmalarda çalışmısınız. ACF-nin yeni rəhbərliyi daha sərfəli şərtlərlə müqavilə təklif etsə, vətənə dönərsiniz?
- Əvvəl də dediyim kimi, mən bura yalnız maddiyyatı düşünərək gəlməmişəm. Buradakı iş mənim üçün yeni təcrübə, çağırışdır. Vətəndə sənə ehtiyac duyulması istənilən halda, xoşdur. Amma burdakı uşaqlarla elə mühit formalaşdırmışıq ki, demək olar, bir mehriban ailə kimiyik. İdmançılar mənə güvənir, stimul alır. Onları yarıyolda qoyub gəlsəm, bunu vicdanım götürməz. Əsas odur ki, harada olsaq da, ürəyimiz vətənlə döyünür.
Sahib Əsədbəyli