Qətərdə keçirilən DÇ-2022-də dünya çempionatları tarixinin yeni rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, hazırkı mundialın 1/8 final mərhələsində vurulan ümumi qol sayı ən yüksək göstərici kimi tarixə düşüb.
Belə ki, bu mərhələdə baş tutan 8 oyunda qapılara ümumilikdə 28 top vurulub. 1/8 finalın ilk dəfə təşkil olunduğu DÇ-1986-dan bəri heç vaxt bu mərhələdə 28 qol qeydə alınmamışdı. Raundun ən məhsuldar matçı 7 topun vurulduğu Portuqaliya – İsveçrə (6:1) görüşü olub. Oyunsonrası penaltidən vurulan qollar siyahıya daxil edilməyib.
Xatırladaq ki, DÇ-2022-nin 1/4 final mərhələsinə dekabrın 9-da start veriləcək.