Berti Foqtsdan qurtulan Can(ni)ımızı De Byazi alacaq. Onunla işimiz var, başımıza oyun açacaq. İndidən söyüşlə danışır. Həmkarımızın "deyilənə görə, heyəti kənardan göstərişlə qurursuz" sualına "bunu deyəni söyərdim, amma qalsın" cavab verib. Başa düşürük, italyansan, bizim kimi cənub temperamentlisən. Amma bu qədər də olmaz. Ona anlayacağı dildə iki kəlmə sözüm var.
Deyir "toplanışa bir həftə tez başlamağı mən xahiş etmişdim. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçuların fiziki durumu yaxşı deyildi, ona görə".
Yalançının...! Bəyəm millidə fiziki hazırlığı yüksəldirlər? Uzağı oyun kondisiyalarını, anlaşmanı yaxşılaşdırmaq olar.
Millinin legionerlərini - Mahir Emreli, Anton Krivotsyuk və Namik Ələskərovu ilk oyunda start heyətində meydana buraxmamasını belə əsaslandırmağa çalışmışdı ki, gec gəldikləri üçün 3-4 gün əvvəldən məşq edənlər daha hazırlıqlı idi.
Yalansa... Üçü də ikinci hissədə meydana çıxıb oyunun gedişini dəyişmədimi? İrlandiyada da ən yaxşı onlar deyildimi?
Barmağımla "krest" tutmuşam, yəni söyüşün özünə getsin: şəxsən mən də o fikirdəyəm ki, heyəti kimlərinsə diktəsi ilə müəyyənləşdirirsən. Hətta belə deyilsə, deməli, məşqçi deyilsən. Azər Salahlı son ayyarımda ardıcıl 4 məğlubiyyət alan, bu görüşlərdə 11 top buraxan "Keşlə"nin müdafiəçisidi. Onu hansı məntiqlə milliyə çağırıb start heyətdə oynadırsan? Tərlan Əhmədovun sözü olmasın, Bəhlul Mustafazadənin ölüsü Azər Salahlıdan güclüdü.
Bəhlul demişkən, "Qarabağ"da təzə-təzə əsas heyətdə yer alıb uyğunlaşdığı vaxt onu milliyə çağırıb 3 həftə ərzində 10 min kilometr turist kimi gəzdirən və 5-10 dəqiqə belə şans verməyən məşqçi ədalətli ola bilməz. Ədalətsiz məşqçi isə həmişə ilahi ədalət tərəfindən cəzalanır.
Yalanın ömrü uzun olmaz. Necə ki, Fernando Santuş De Byazi haqqında yalan demişdi. Guya italiyalının komandaları heç vaxt bir topdan artıq fərqlə uduzmur. Halbuki, Millətlər Liqasında Monteneqroya 0:2 uduzmuşuq. Üstəlik, Portuqaliyanın baş məşqçisi heç bir gün keçmədi ki, həmkarının Can(ni)ına 3:0-ı yapışdırmaqla yalanını yalanladı. Hə, De Byazi, adamın üzünə gülə-gülə qapısını belə genəldirlər e.
Mirağa