AFFA Futbolun İnkişaf Fondu adlı "kassa" yaradıb. Qısaca FİF adlanacaq. FİFA-nın "A"-sını siliblər, olub FİF. Amma biz o fondun silinən "A"-sının açmasını bilirik.
Absurd - Bölgələrdə klub saxlamaq üçün vəsaitini xərcləyəcək şirkət və ya iş adamı niyə onu AFFA-nın yaratdığı fonda köçürsün ki? Elə özü yaxasını irəli verər, kluba sahib çıxar, əsas söz sahibi olar və ən əsası...pulunun yerini bilər. Hansı ağıllı quru addan ötrü özünü maddi cəhətdən AFFA-dan asılı vəziyyətə salmaq istər?
Anormallıq - Fondun bir nümayəndəliyi də Lənkəranda açılıb. Hansı ki, divizionda təmsilçisi yoxdur. "Xan Lənkəran"dır, o da Region Liqasında çıxış edir. Deyək ki, klub təəssübkeşliyi hamıdan çox olan cənublular yığışıb 1-2 milyon topladılar, AFFA bu komandanı Premyer Liqaya buraxacaq? Yaxud 1 milyon topladılar, məbləğin qalanını AFFA özü ödədi və... kluba öz adamını prezident təyin elədi - lənkəranlılar bunu qəbul edəcək? "Xəzər Lənkəran"ı Azərbaycan futbolundan silməklə Lənkəranın böyük kəsiminin nifrətini qazanan AFFA-nın adamını bu şəhərdə qəbul edərlər?
Ağalıq - Fond yaradılıb, amma ictimai müzakirəsinə ehtiyac duyulmayıb. Əsasnaməsi hər kəsə qaranlıqdır. Fond dediyinin idarə heyəti olar, üzvləri olar, bank hesabı olar. Ağadırlar axı, özləri müzakirə ediblər, özləri qərar veriblər... Halbuki suallar çoxdur: "kassa"ya köçürüləcək vəsait necə idarə olunacaq? Sırf könüllülük prinsipi əsas götürüləcək, yoxsa yatırım edənlər hansısa hüquqa sahiblənəcək? Axı söhbət milyonlardan gedir.
Aldatmaq - Əslində, fond yaratmaqda məqsəd elə bu "Mustafa"yla bağlıdır. Bu ideya ilə futbolumuz inkişaf etməyəcək. Arada yenə qazanan ideya müəllifləri olacaq. Oyunçu aparsın!
Mirağa Mirzəyev