Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”ın futbolçusu Vüqar Nadirov apasport.az saytına müsahibə verib. Millimizin də üzvü olan yarımmüdafiəçi I təsnifat mərhələsində Makedoniyada “Metallurq”a 1:0 hesabı ilə qalib gəldikləri oyun və digər təmsilçimiz “Xəzər Lənkəran”ın şansı haqda danışıb.
- Skopyeyə problemlərlə yollansanız da, Bakıya qələbə ilə döndünüz. Rəqib meydanında baş tutan oyunu qısa necə xarakterizə edərdiniz?
- Düzdür, əziyyət çəkdik, ancaq ciddi problem yaşanmadı. Fikrimizi oyuna yönəltməyi bacardıq. Bunun nəticəsində də səfərdən sərfəli nəticə ilə döndük. Qələbə qazansaq da, hələ heç nə etməmişik. Qarşıda daha bir oyunumuz var. Bütün suallara həmin matçda aydınlıq gətiriləcək.
- Bu komanda ilə 3 il öncə də üzləşmişdiniz. Əvvəlki “Metallurq”la hazırkını müqayisə edə bilərsinizmi?
- Hər iki komanda arasında fərq çoxdur. İndiki “Metallurq” daha güclü təsir bağışladı. Əvvəlki heyətdən cəmi 3 futbolçu qalıb.
- Güclü deyərkən, hansı cəhətlərini nəzərdə tutursunuz?
- Yarımmüdafiə xətti yaxşı təsir bağışladı. Topla davranışları pis deyildi. Komanda hücum futbolu nümayiş etdirirdi.
- Rəqibin oyunlarını izləyib təhlillər apardığınız aydın idi. Meydanda hansısa sürprizlə qarşılaşmadınız?
- Hansısa sürprizlə qarşılaşdığımızı deyə bilmərəm. Amma qələbə qazanmağımıza rəğmən, “Metallurq”un yaxşı komanda olduğunu vurğulamalıyam.
- Oyun sonrası fikirlərlə tanış olarkən, komanda yoldaşlarınız xüsusilə də I hissədə istədiyiniz futbolu nümayiş etdirə bilməməyinizi qeyd edib. Bunun səbəbi nə idi?
- Hava çox isti idi. Oyun ora vaxtı ilə saat 6-da başlamışdı. Sonradan tədricən sərinlik oldu. Buna görə də ikinci hissədə daha yaxşı oynadıq. Həm də birinci oyun olduğundan, hər iki tərəf ehtiyatlı oynayırdı. Heç kim risk etmək istəmirdi.
- Heyətdə yeni oyunçular da yer almışdı. Onlar necə özlərini göstərə, komandaya lazımınca kömək edə bildilərmi?
- Məncə, onlar komandaya tez uyğunlaşdılar. Bu isə yeni gələn futbolçu üçün vacib nüansdır. Bunu tez həll edə bildinsə, kömək etməyi bacaracaqsan. Fikrimcə, yenilər komandaya kömək edə bildilər.
- Gələn həftə ikinci oyun keçiriləcək. Səfər qələbəsi futbolçuların meydana üstün durumda çıxmasına şərait yaradacaqmı?
- Biz arxayınlaşmayacağıq. Qələbə qazandığımız oyunu unudacağıq. İlk matça çıxdığımızı düşünəcəyik. Çünki cütün taleyi Bakıda həll olunacaq. Məqsədimiz qələbə qazanıb, bizi dəstəkləməyə gələcək azarkeşləri sevindirməkdir.
- Sizinlə eyni vaxtda meydana çıxan “Xəzər Lənkəran”ın səfərdə heç-heçə etməsini necə qarşıladınız?
- Futbolda bu cür nəticələr qaçılmazdır. Məncə, “Xəzər Lənkəran” burdakı oyunda böyük hesabla qalib gələcək.
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə düşməyi hədəfləyib. Başlanğıc nə göstərdi?
- Bəli, qrupa düşmək istəyirik. Ancaq indiki məqamda “Metallurq”la cavab qarşılaşmasını düşünürük. Bu mərhələni adlayaq, digər nəticələr özü gələcək.
İdman24.az