Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində Makedoniya “Metallurg”una qarşı keçirdiyiniz səfər matçından sonrakı bir həftəni necə keçirdiniz?
- Pis keçirməmişik. Baxmayaraq ki, uyğunlaşma ilə bağlı problem oldu. Çünki 20 günə yaxın havası daha sərin keçən Türkiyədə hazırlaşırdıq. Əsas problem oksigen çatışmazlığı ilə bağlıydı. İndi isə hər şey normaldı. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız da var idi.
- Heyətlə bağlı problem yoxdu?
- Xeyr. Hamı sıradadı, ümumi hazırlıqlarda iştirak edir.
- İlk oyundan dərhal sonra 1:0 hesablı qələbəyə baxmayaraq, Bakıdakı görüşün daha çətin keçəcəyini dediniz. Siz hələ də bu fikrinizdəsiz?
- Prinsipcə, yenə həmin fikirdəyəm. Asan oyun olmayacaq. Makedoniyalılar bura uduzmağa gəlmirlər. Onlar hər açıqlamasında bizi məğlub edəcəklərini bildirirlər. Görünür, ruhdan düşmək istəmirlər. 1:0 hesablı qələbə bizə arxayınlaşmağa əsas vermir. Ciddi hazırlaşırıq. Hər şeyə hazır olmalıyıq. “Metallurg” Bakıda qol vura bilər.
- Makedoniya klubu ilə oyun Ramazan ayının ilk günlərinə düşür. “Qarabağ”ın əksər futbolçuları a oruc tutur. Bu, problem yaratmayacaq?
- Fikrimcə, problem olmaz. Allah güc verər.
- Bəs gənc oyunçularınız?
- Çətinlik yaranacağını düşünmürəm. Oruc tutmağa vərdiş edən adam buna o qədər alışır ki, heç aclıq və susuzluğu hiss etmir.
- Bu ay peşəkar futbolçu üçün necə keçir?
- Mən buna ilk növbədə inam kimi yanaşıram. Bu, mənim üçün vacib aydı. Sevinc hissi ilə oruc tuturam. Mənə görə Ramazan ayı futboldan daha vacibdir.
- Bəs oyun günləri?
- Adətən oyun günləri oruc tutmuruq. Bu dəfə necə olacağını bilmirəm. Amma Qurban Qurbanov heç vaxt bizə oruc tutmağı qadağan etməyib. Əcnəbi mütəxəssislərdən fərqli.
- Bəs Berti Foqts?
- Toplanışlarda Foqts oruc tutmağı qadağan etmişdi.
İdman24.az