“Hesabda geri düşəndə yalnız onu lehimizə çevirmək barədə düşünürdüm. Hiss edirdim ki, qol vurmalıyıq”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Avropa Liqasında ölkəmizi təmsil edən “qırmızı-qaralar” pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Maribor”u qəbul edib və qarşılaşma komandamızın qələbəsi ilə nəticələnib – 3:1.
Oyundan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis qələbəni şərh edib: “İndi də fərqli bir hiss keçirmirəm. Eyforiyaya qapılmamışam. Hamımız növbəti matçı düşünməyə çalışırıq və bu görüşü tez təhlil etmək fikrindəyik”.
- Hesabda belə tez geri düşünəcəyinizi gözləyirdinizmi?
- Heç vaxt emosional düşünmürəm. Həmin dəqiqədə yalnız düşünürəm ki, nəyi dəyişə bilərəm.
- Oyunun gedişində Rafael Santosun üstünə daha çox qışqırırdınız. Bu nədən qaynaqlanırdı?
- Bütün futbolçular kimi Rafanı da çox istəyirəm. Onun üstünə qışqırmağımın səbəbi bəzi səhvləri idi. Bunu başa düşdü, amma 10 saniyə sonra yenidən təkrarladı (gülür). Buna baxmayaraq, onu çox istəyirəm.
- Meydanın mərkəzini rəqibə verməyiniz taktiki gediş idi?
- Xeyr. Qola qədər və ya qoldan sonrakı müddət önəmli deyil. Bir ara rəqib topa daha çox nəzarət etdi. Biz bunu dəyişməyə çalışdıq. Burda bir oyunçunun yox, bütün komandanın üzərinə yük düşür. Bir nəfər səhv edən kimi, mexanizm pozulur. Rəqib ağıllı komandadı, bir səhv etdik, dərhal ondan istifadə etdi. Çox xırda detallara girmək istəmirəm.
- Hesabda önə keçdikdən sonra sanki komanda nə etmək istədiyini bilmirdi...
- Oyunun gedişində elə vəziyyət yarandı ki, rəqibi sıxmağın vacibliyini anladım. Futbolçulara təzyiq də bununla bağlı idi. Rəqib həmin vaxt ağıllı oynayırdı.
- Rəqibin baş məşqçisi 3-cü qolda qapıçıya kobudluq edildiyini düşünür. Siz həmin epizodu necə şərh edərdiniz?
- Hazırda bu barədə mübahisə edə bilmərəm. Çünki həmin epizoda baxmalıyam. Ondan sonra fikrimi deyə bilərəm.
- Rəşad Sadiqovun yoxluğunda Vitali Verniduba şans verdiniz və o, orta sahədə yaxşı təsir bağışladı. Cavab görüşündə yenə onu həmin mövqedə oynadacaqsınız?
- Oyunçularımı ayrılıqda qeyd etməyi xoşlamıram. Vernidubdan nə gözləyirdimsə, onu etdi. Çox peşəkar və intizamlı futbolçudu. Bu mövqedə özünü tam doğrultdu. Məndə ona qarşı hansısa şübhə yaranmadı. Belə çıxış edəcəyinə də əmin idim. Özü də yəqin ki, oyunundan razı qaldı. O, özünü yaxşı hiss etdiyi müddətdə mən də özümü yaxşı hiss edirəm. Cavab qarşılaşmasına hələ 6 gün vaxt var. Heyətdə çox dəyişiklik ola bilər. Çünki 6 gün uzun müddətdi. (apasport.az)
Fanat.Az