2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq millimizin təlim-məşq toplanışı başlayıb. Fanat.Az xəbər verir ki, komanda bu gün "Dalğa Arena"da biraraya gəlib.
Hazırda baş məşqçi Robert Prosineçkinin sərəncamında cəmi 10 futbolçu var. Bu gün Avropa Liqasının "pley-off" mərhələsində çıxış edəcək "Qarabağ" (Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov, Namiq Ələsgərov, Mahir Mədətov) və "Qəbələ"nin (Məhəmməd Mirzəbəyov) futbolçuları oyundan sonra düşərgəyə qoşulacaq.
Həmçinin legionerlər Pavel Paşayev (Stal, Ukrayna), Emin Mahmudov (Boavişta, Portuqaliya), Dmitri Nazarov (Erzqedirqe, Almaniya), Eddi İsrafilov (Kadiz, İspaniya) və Ramil Şeydayev (Trabzonspor, Türkiyə) hazırlığa klublarının çempionat oyunlarından sonra qatılacaqlar. Nazarovla Şeydayevin avqustun 27-si, Paşayevlə Mahmudovun ayın 28-i, İsrafilovun isə ayın 29-u klubu ilə oyunu var.
Hazırda yığma bu futbolçularla hazırlıq keçir: Kamran Ağayev, Anar Nəzirov, Səlahət Ağayev, Tərlan Quliyev, Ruslan Abışov, Rəhman Hacıyev, Araz Abdullayev, Elvin Məmmədov, Ağabala Ramazanov, Ruslan Qurbanov.
Fanat.Az