Bakının "İnter" klubu FİFA tərəfindən cəzalandırılıb. Belə ki, sentyabrın 6-da FİFA faksla 26.05.2016-cı il tarixli qərarını göndərib. Bu qərara əsasən, "İnter” Peşəkar İdman Klubuna növbəti 2 transfer pəncərəsində yeni futbolçu almaq qadağan edilib. Qadağa müddəti cari mövsümün qış, 2017/18 mövsümünün isə yay transfer dövrlərini əhatə edəcək.
Fanat.Az xəbər verir ki, "İnter"dən ötən mövsüm 20-yə yaxın şikayət FİFA-ya daxil olub. Onlar klubdan ala bilmədikləri pulu FİFA yolu ilə almağa çalışıblar. Sonradan klub bunların əksəriyyətini həll edə bilib. Klubda maliyyə məsələləri düzələn vaxt həmin futbolçuların çoxunun pulları verilib. Yalnız 2 futbolçudan başqa.
Bunlardan biri fransalı Yoan Bokonyanodursa, digəri serbiyalı Voyislav Stankoviçdir. Sonuncu hazırda "Qəbələ"də çıxış etsə də, müqavilə ilə "İnter"ə məxsusdur. Bokonyano isə "İnter"dən ayrıldıqdan sonra ötən mövsüm Belçikanın "Tubize" klubunda çıxış etsə də, hazırda klubsuzdur.
Əslində bu 2 futbolçunun da pulunun demək olar ki yarısı ödənib. Sadəcə, klubda məsuliyyətsizlik olub və pullarının bir hissəsi ödənmiş Bokonyanonun FİFA-dan şikayət ərizəsini geri götürəcəyi güman edilib. Ərizə isə götürülməyib. Məsələ isə belə davam edincə, FİFA futbolçunun xeyrinə qərar çıxarıb və "İnter"ə sanksiya kəsib. Sanksiya qərarı hələ mayda çıxsa da, qərarın 2 gün əvvəl göndərilməsi görünür, FİFA-da son baş verənlərlə bağlıdır.
"İnter" Bokonyanoya təxminən 100 min dollar borcludur. Əgər bu para ödənilməsə, FİFA-nı növbəti sanksiyası daha sərt ola bilər. Bu dəfə klubun Premyer Liqada topladığı xallar silinə bilər. Bundan sonrakı mərhələ isə "İnter"in peşəkar futbol klubu imicini itirməsidir. Ancaq "İnter"in vəziyyəti bu qədər qəlizləşdirəcəyi də inandırıcı görünmür. Klub böyük ehtimalla, yaxın günlərdə Bokonyanoya çatacaq məbləği ödəyəcək.
Qeyd edək ki, bu məsələ ilə bağlı Yoan Bokonyanonun özü ilə də danışmaq qərarına gəldik. Fransız futbolçu isə bu haqda danışmaq istəmədiyini bildirdi. (Qaynarinfo.Az)
Fanat.Az