“Neftçi” - “Qəbələ” matçından sonra səhər saatlarına qədər toplantı keçirən paytaxt klubunun rəhbərliyi radikal dəyişikliklərə hazırlaşır.
Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın son oyunlarındakı nəticələrinə və uğursuz transfer siyasətinə görə icraçı direktor Elnur Məmmədovu tutduğu vəzifədən azad ediləcək.
Buna qədər icraçı direktora bir neçə dəfə xəbərdarlıq edilsə də, “Qəbələ” klubu ilə oyundakı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Son iclasda şura üzvləri və sədri yekdilliklə Elnur Məmmədovun işindən kənarlaşdırılmasını istəyib.
Onunla yanaşı idman məsələlərinə birbaşa cavabdeh olan Mübariz Xudiyevin də “Neftçi”dəki fəaliyyətinə son qoyulacaq.
Hazırda xəstəxanada müalicəsini davam etdirən Vəli Qasımov üçün də “Neftçi” macərası bitdi demək olar. Klub rəhbərliyi məşqçinin durumunu nəzərə alaraq ona işdən ayrılası ilə bağlı heç nə deməyib. Bununla belə Vəli Qasımov da xəstəxanadan buraxıldıqdan sonra ərizəsini yazmalı olacaq. Artıq onun əvəzinə yeni baş məqşqçinin axtarışlarına başlanıb.
Bütün bu qərarların çərşənbə gününə qədər klub tərəfindən rəsmi açıqlanacağı gözlənilir.
Fanat.Az