"İnter"lə müqavilə yeniləməkdən imtina edən Mauro İkardi "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, "qırmızı-şeytanlar" "Real"ın da hədəfində olan argentinalı ulduzu yayda heyətə qatmaq istəyir.
İkardinin mövcud müqaviləsi 2021-ci ildə başa çatacaq. Milan klubu onunla yeni anlaşma imzalamaq istəsə də, argentinalı futbolçu bununla razılaşmır. "The Sun"un məlumatına görə, "Mançester Yunayted" onun üçün "İnter"ə 135 milyon funt-sterlinq (190 milyon avro) təklif edəcək.
Qeyd edək ki, "Real"ın yayda İkardini heyətinə qatmaq istədiyi, amma Kriştiano Ronaldonun onun transferinə etiraz etdiyi deyilirdi.
24 yaşlı hücumçu "İnter"ə 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 75 milyon avro qiymət qoyub. İkardi cari mövsümdə keçirdiyi 24 rəsmi oyunda 18 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az