Ole Qunnar Sulşerin "Mançester Yunayted"in baş məşqçisi təyin olunmasından sonra heyətə düşə bilməyən Romelu Lukaku komandadan ayrılacaq.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, Premyer Liqa klubu belçikalı ulduzu yola salmaq qərarına gəlib. Xəbərdə bildirilir ki, Lukaku özü də bu qərarı qəbul edib və mövsümün sonunda komandanı tərk edəcək.
Məlumata görə, "Mançester Yunayted" hazırda Lukaku ilə bağlı İtaliyanın "Yuventus" və "İnter" klubları ilə danışıqlar aparır. Belə ki, "qırmızı şeytanlar" "Yuventus"dan Paulo Dibala, "İnter"dən isə İvan Perişiç və Mauro İkardini istəyir. İngilislər belçikalı ulduzdan bu futbolçulardan biri ilə dəyişiklikdə istifadə etmək istəyir.
Qeyd edək ki, Lukaku 2017-ci ildə "Everton"dan "Mançester Yunayted"ə 84,7 milyon avroya transfer olunub. O, cari mövsümdə 32 oyuna çıxaraq 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az