Yaxınlıqdakı kənd və qəsəbələrdən gələn işçilər gecə-gündüz çalışıb, təsislərin inşaatını vaxtında bitirməyə çalışırdılar. Yığma komandanın Braziliyaya çatmasına beş gün qalmış Kampo Baiyadan Birxoffa növbəti zəng gəldi:
"Mənə otaqların bəzilərinin tikintisinin vaxtında bitməyəcəyini və təxminən 15 nəfərin azından bir müddət başqa bir yerdə qalmalı olacağını dedilər. Razılaşmadım. Kiminsə düşərgədən kənarda qalmağını istəmirdim. "Lazım gəlsə, mən "şişmə yataq”da yataram. Hamı eyni yerdə qalacaq” – dedim”.
Birxoff telefonu söndürdükdən sonra Cənubi Tirolda təlim-məşq toplanışında olan oyunçulardan bir qismi ilə görüşüb, onlara Kampo Baiyada bəzi problemlərlə (məsələn, işləməyən sifon, isti suyun gəlməməsi) qarşılaşa biləcəklərindən bəhs edib. Yenidən sözü Oliverə verək:
"Manuel Noyer gözlərimin içinə baxıb, "Hə, nə olsun? Ən pis halda çadırda qalarıq. Onsuz da, həmişə belə bir şeyin arzusunda olmuşam” – dedi. Ciddi idi. Həmin gün futbolçuların necə möhkəm xarakterə sahib olduqlarını gördüm. Təbii ki, bu problemlər barədə ictimaiyyəti məlumatlandırmırdıq. Öz aramızda danışanda şəraitin mükəmməl olmamasının bizim xeyrimizə olduğunu deyirdik. Məsələn, işıqların söndüyünü düşünün: bütün komanda şam işığında söhbət edə bilərdi. Bundan yaxşı gecə?”
Oyunçuların düşərgə və ətrafındakı təbii gözəllikləri ilk gündən görmələrini istəyən federasiya rəsmiləri proqramı elə nizamlamışdılar ki, heyət Kampo Baiyaya günorta saatlarında çatsın. Futbolçular qayıqla Juan de Tiba çayından keçəndə ağzı açıq şəkildə ətrafa tamaşa edirdilər. İlk çay səyahətində Benedikt Hövedeslə yan-yana dayanan (bunun uğur gətirdiyinə inanıb, turnir boyunca bütün səyahətlər zamanı eyni şeyi təkrarlamışdılar) Mertezaker o günü belə xatırlayır:
"Səsimiz çıxmırdı. Hamı sakitcə ətrafı izləyirdi. Sehrli an idi. Hamımız xüsusi bir yerə getdiyimizi hiss edirdik”.
Düşərgə dörd qrupa ayrılmışdı və Mertezaker, Filipp Lam, Miroslav Kloze və Bastian Şvaynştayqer bu qruplara "lider” təyin olunmuşdular.
Per Mertezaker: "Dördümüz bir araya gəldik və "Biz bir komandayıq və burada möhtəşəm bir şeyin öhdəsindən gəlmək istəyirik” – dedik. Bunun üçün də önmühakimələri bir kənara atmalı olduğumuzu bilirdik. Söyləmək asandı, bacarmaq çətin. Ancaq dördümüz də özümüzü bu işə həsr etmək niyyətində idik. Qrupları bütün oyunçuları məmun edəcək, eyni zamanda, dəyişikliyə açıq şəkildə formalaşdırmaq qərarına gəldik. Əks təqdirdə düşərgə müddətində hər kəs eyni adamlarla vaxt keçirəcəkdi”.
Nəticədə dörd lider digər 19 oyunçunu diqqətli şəkildə qruplara ayırdı. Məqsəd – yaşları və klubları fərqli olan futbolçuları eyni qruplara salıb, yığma komanda ruhu yaratmaq idi. Məsələn, "Bavariya”lı Bastian Şvaynştayqerin komandasında "Borussiya”nın fanatik azarkeşi və futbolçusu Kevin Qrosskroyts, Dortmund klubunun əzəli rəqibi – "Şalke”dən Benedikt Hövedes və Yulian Draksler, "qol maşını” Tomas Müller və "Frayburq”da çıxış edən Mattias Qinter var idi. Mertezaker qruplar haqqında bunları deyir:
"Başqa yol yox idi. Yeni dostluqların yaranmasına şərait yaradacaq bir mühit formalaşdırmaq istəyirdik. O dönəm xüsusilə də "Bavariya” və "Borussiya”lı futbolçular arasında böyük rəqabət var idi. Bu, normal bir şeydi. Ancaq eyni zamanda, unutmamaq lazımdı ki, belə rəqabətlər yığma komandanın sonu da ola bilər. Biz qrupları elə formalaşdırdıq ki, azından dünya çempionatı boyunca rəqabət mövzusu olmasın. Qruplardan əvvəl də oyunçuların bir-birləriylə münasibətləri yaxşı idi, ancaq heç biri digərinə "Sənin üçün tərimin son damcısına qədər mübarizə apararam” demirdi”.
"Arsenal”da çıxış edən Lukas Podolski, Mertezaker və Məsut Özil eyni qrupda idilər. Per bu mövzu haqqında danışanda dedi: "Bir-birimizi çox yaxşı başa düşürdük. "Arsenal”ın alman komandaları ilə rəqabəti olmadığından, ayrılmağımıza ehtiyac olmadığını düşündük”.
Otaqlardakı televizorlar vasitəsilə sadəcə alman dövlət kanallarını (ARD və ZDF) izləmək mümkün idi. Buradakı məqsəd oyunçuların bir-biriləri ilə söhbət etdiyi ortaq istifadəyə açıq ərazilərdə, məsələn, barda və ya hovuz başında birlikdə futbol matçlarını izləmələrinə yardımçı olmaq idi. Söz yenə Birxoffdadı:
"Kampo Baiya bizim Qalliya qəsəbəmiz (Asteriks və Obeliks filmindən) idi. Heç kim otağına qapanmırdı. Səhər, günorta, axşam yeməklər, masajlar, Yoqinin iclasları... – hamısını açıq havada, hovuzun başında edirdik. Daha öncə belə bir şey yoxlamamışdıq. Komanda üçün ideal mühit var idi. İnsanlar tez-tez müasir futboldan bəhs edirlər. Məncə, müasirliyi bir-birimizlə bərabər hüquqlara sahib olan insanlar kimi qurduğumuz rabitə olmadan düşünmək mümkünsüzdü”.
Mertezaker düşərgə günlərini belə xatırlayır: "Düşərgədə olanda, adətən, balaca otel otağına qapanıb, dizüstü kompyuterlə oynayıb, canımızın sıxılmaması üçün dua edərdik. Kampo Baiya isə ilk gündən etibarən fərqli idi. Sahildəki bunqalolarda yatır, yeməyimizi açıq havada yeyirdik. 40 dərəcə istinin altında ayaqyalın stolüstü tennis oynayırdıq. Əvvəlcə sayımız dörd idisə, 15 dəqiqə ərzində bütün komanda başımıza yığışırdı. İlk gün keçirilən məşqdə normal qaça bilməsək də, hamımız çalışmağa davam etmək istəyirdik. Turnir ərəfəsində 8 həftəlik toplanışımız oldu və bu müddət ərzində komandadakı hər kəs bir-biri ilə dost olmuşdu”.
Rioda oynanılacaq final matçı üçün yola çıxmamışdan əvvəl düşərgədə melanxolik atmosfer hakim idi. Heç kim 4 həftə ərzində problem yaşamadıqları Kampo Baiyadan ayrılmaq istəmirdi. Lam "Çempion olsaq, söz verin ki, 20 il sonra hamımız burada görüşəcəyik” – demişdi. Hövedes isə final ərəfəsində keçirilən son mətbuat konfransında əlavə etmişdi: "Burada qalmaqdan çox məmnun idik. Komanda ruhu məhz burada formalaşdı. Hər şey mükəmməl idi”.
Kampo Baiyadakı tək mənfi şey Portuqaliya üzərindəki 4:0-lıq qələbədən sonra bir neçə oyunçunun çox alkoqolik içki qəbul etməsi idi. Birxoff əvvəlcədən oyunçuların hər axşam bir qədəh şərab və ya bir bakal pivə içmələrinə izin veriləcəyini demişdi. Əvvəlki milli düşərgələrdən fərqli olaraq, Kampo Baiyanın ətrafındakı təbii gözəllik, erkən batan günəş və Braziliyanın şimalında hakim olan sakit həyat tərzi oyunçuları rahatlatmışdı. Nəticədə futbolçular sıxılıb, alkoqollu içkilər hesabına günlərinə maraq qatmağa, demək olar ki, cəhd etmirdilər. Mertezaker deyirdi: "Bunu sözlə izah etmək çox çətindi. Hər matçdan sonra ora qayıdıb, enerjimizi yenidən toplamaq hamımıza yaxşı gəlirdi”.
Birxoff düşərgəyə çatmaq üçün hər dəfə istifadə etdikləri bərələrlə səyahətin iş və əyləncə arasındakı sərhəd olduğunu deyir: "Hamı belə bir sərhədin olduğunu bilirdi. Bərəyə addım atan kimi hər kəs ciddiləşirdi. Geri dönəndə isə hamı rahatlaşırdı”.
Gün eynəkləri ilə bərənin göyərtəsinə toplaşan Löv və komandası yerli əhalinin də dəstəyini hiss edirdi.
Müller: "Braziliyanı 7:1 hesabı ilə məğlub etdiyimiz oyundan sonra belə, bizi samba və fişənglərlə qarşılamışdılar. Hətta məşqlərdən birindən sonra bir neçə azarkeş bizim üçün gitara ilə serenada eləmişdi”.
Hövedes "cənnət”də keçirdiyi son günləri belə təsvir edirdi: "Burada hər kəsin bir-birinə qarşı necə hörmətlə yanaşdığının şahidi oldum. Məşqlər haqqında da eynisini deyə bilərəm. Mənə görə, hörmət ən önəmli şeydi. Məsələn, start "11-liy”inə qarşı məşqdə matça çıxan komanda əlindən gələnin ən yaxşısını ortaya qoyurdu. Hə, bizdə komanda ruhu var idi, ancaq bu, bir-birimizə qarşı mübarizə aparmayacağımız anlamına gəlmirdi. Hər kəs dayanmadan çalışır və daha yaxşı olmaq üçün cəhd edirdi”.
Bu, əslində, Avro-2012-də ehtiyatda qaldıqları üçün üsyan qaldıran və komanda atmosferini alt-üst edən oyunçulara edilmiş tənqid idi.
Mertezakerin "gözətçi” adlandırdığı Birxoffun bütün çətinliklərə rəğmən, düşərgənin hamı tərəfindən bəyənildiyini gizlətmək niyyəti yoxdu. Ancaq eyni zamanda, o, Kamp Baiyanın komandaya pozitiv təsirinin şişirdilməməli olduğunu düşünür: "Kim bilir, bəlkə oteldə də qalsaq, dünya çempionatının qalibi olacaqdıq”. Mertezaker isə eyni fikirdə deyil: "Orada təməlini atdığımız şey bizə çempionluğu gətirdi”.
Rafael Honiqştayn – "Das Reboot: How German Soccer Reinvented Itself and Conquered the World”
Hazırladı: Rüfət Məcid