"Atletiko"nun futbolçusu Dieqo Kostanın ötən gün La Liqanın XXXI turu çərçivəsində keçirilən "Barselona" ilə oyunda (0:2) meydandan qovulmasının səbəbi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, buna səbəb Braziliya əsilli ispaniyalı hücumçunun baş hakim Xesus Hil Mansanonu təhqir etməsi oolub. Hakim bu barədə oyunun protokolunda qeyd edib: "28-ci dəqiqədə Dieqo Kosta yüksək səslə mənə qışqırıb, söyüş söydüyü üçün meydandan qovulub. O, mənim anamı söydü, onu "fahişə" adlandırdı".
İspaniya mediası isə iddia edir ki, Kosta hakimə "Səni dünyaya gətirdiyi üçün anan lənətə gəlsin" deyib.
"Marca"nın məlumatına görə, Kosta bu hərəkətinə görə 8 oyun cəza ala bilər. "Atletiko"nun hücumçusu hakimin ailə üzvlərini təhqir etdiyinə görə 4 oyun, qırmızı vərəqə göstərməsin deyə hakimin qolunu tutmasına görə isə daha 4 oyun meydançaya buraxılmaya bilər.
Beləliklə, əgər hər iki cəza 30 yaşlı futbolçuya qarşı tətbiq edilsə, Kosta mövsümün sonunadək "Atletiko"nun oyunlarını kənardan izləməli olacaq.
Fanat.Az