"Liverpul"un qapıçısı Alisson Bekker İngiltərə Premyer Liqasında "Bornmut"la, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində isə "Atletiko" ilə oynanılacaq matçları qaçıracaq.
Fanat.Az xəbər verir ki, Alisson budundan zədə alıb. Bu barədə baş məşqçi Yürqen Klopp məlumat verib:
"Təəssüf ki, Alisson sıradan çıxıb. "Çelsi" ilə oyundan əvvəl keçirilən məşq sessiyasında onun ağrıları başladı. Ciddi bir şey olmadığını düşünürdük. İstənilən halda onu meydana buraxmayacaqdıq. Sadəcə, əvəzedicilər skamyasında oturmasında bir problem görmürdük. Sonra düşündük ki, risk etməyə dəyməz və Alissonun adını iştirak ərizəsindən çıxardıq. Növbəti gün o, tibbi müayinədən keçdi və zədəsinin düşündüyümüzdən daha ciddi olduğu ortaya çıxdı. Alissonun bud əzələsində problem var. Növbəti həftə 100% oynamayacaq. Sonrasına baxarıq.
Onun Mersisayd derbisində (16 martda keçiriləcək - red.) iştirakını istisna etmirəm. Bərpa prosesinə uyğun qərar verəcəyik. Qısası, Alissonun bu və növbəti həftə meydana çıxmaq ehtimalı yoxdu".
"Qeyd edək ki, "Liverpul" - "Bornmut" oyunu bu gün, "Liverpul" - "Atletiko" matçı isə 11 martda oynanılacaq. "Qırmızılar" ilk görüşdə Madrid klubuna 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az